İrəvanda missiya, Kişinyovda hərbi ofis - Makronun alayarımçıq geosiyasəti...
Ramil Məmmədli: “Bununla Paris postsovet məkanında təsir dairəsini genişləndirmək istəyir”
Məlum olduğu kimi, Fransa və Moldova müdafiə sektorunda əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş Moldova prezidenti Maya Sandunun Parisə səfəri zamanı imzalanıb.
Makronun sözlərinə görə, yaxın vaxtlarda Moldova paytaxtında Fransa Müdafiə Nazirliyinin daimi nümayəndəliyi açılacaq. Bu nümayəndəliyin əsas vəzifəsi Moldova hərbçiləri üçün təlimlərin təşkili olacaq. Bundan əlavə, mərasimdə 2024-2029-cu illəri əhatə edən iqtisadi əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.
Bu arada məlum olub ki, Fransa Müdafiə Nazirliyinin Kişinyovdakı daimi nümayəndəliyini hərbi attaşe təmsil edəcək. Attaşenin namizədliyi artıq təsdiqlənib - bu, qadın polkovnik-leytenantdır, o, Fransanın Rumıniyanın paytaxtı Buxarestdəki səfirliyindən Kişinyova köçəcək.
Məlumat üçün qeyd edək ki, daha əvvəl Fransa Ermənistanla da hərbi əməkdaşlıq barədə razılığa gəlib.
Maraqlıdır, Fransa nə edir?
“Ukrayna müharibəsi şiddətləndiyi üçün Makron hesab edir ki, Rusiya Fransanın Moldova ilə hərbi...”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Fransa postsovet məkanında təsir dairəsini genişləndirmək istəyir: “Makronun bütün bu siyasi oyunlarının kökündə dayanan məhz budur. Məsələ ondadır ki, Fransanın biabırçı formada bir neçə Afrika ölkəsindən qovulması Makronun xarici siyasətinə ciddi zərbə vurdu. İndi Makron bu uğursuzluğu postsovet ölkələrində möhkəmlənməklə kompensasiya etmək istəyir. Üstəlik, Fransa bir sıra planlarını Avropa İttifaqı çətiri altında həyata keçirməyə çalışır. Fransanın Ermənistanda hərbi fəaliyyəti də məhz belə başladı. İlk əvvəl Avropa İttifaqı Monitorinq Missiyası Ermənistanda fəaliyyətə başladı. Daha sonra Fransa Ermənistanla hərbi əməkdaşlıq barədə razılaşma imzaladı. Müxtəlif silahların Ermənistana verilməsinə başladılar. Moldovaya gəldikdə isə, məsələ bir qədər fərqlidir. Əvvəla, ötən il Moldova Avropa İttifaqına üzv olmaqla bağlı namizəd statusu aldı. Fransa Avroittifaqın əsas dövləti olduğu üçün buna maneə törətmədi. Əksinə, bu işə dəstək verdi. Parisdə hesab edirlər ki, Rusiyanın Ukraynada ilişib qalması, Dnesteryanı bölgədə separatçıların fəallaşması Fransanın hərbi məsələlərdə Moldova ilə əməkdaşlığı genişləndirməsinə şərait yaradır. Onları bu məsələdə arxayın edən həm də odur ki, Rusiyanın Moldova ilə quru sərhədi yoxdur. Moldovanın dənizə çıxışı yoxdur. Bu ölkənin yalnız 2 ölkə ilə - Rumıniya və Ukrayna ilə quru sərhədi var. Rumıniya da NATO üzvüdür. Ukrayna müharibəsi şiddətləndiyi üçün Makron hesab edir ki, Rusiya Fransanın Moldova ilə hərbi sahədə genişlənən əlaqələrinə mane ola bilməyəcək. O üzdən, özünü belə arxayın hiss edir. Yoxsa belədə Fransa buna cəsarət etməzdi. Özü də Dnesteryanı bölgənin separatçıların nəzarətində olduğu bir dövrdə”.
Vidadi ORDAHALLI