Qırmızı dəniz yolu bağlanır - Azərbaycanın tranzit imkanlarına ehtiyac artır...
Yəmən husiləri Qərblə müharibə vəziyyətində olduqlarını bildiirlər və onların Qırmız dənizdə müharibəsinin effektivliyi də diqqətdən yayınmır.
Yəmən sahillərində husilər tərəfindən üç dənizaltı fiber-optik kabelin kəsilməsi, onların ballistik raketlərindən birinin konteyner gəmisini vuraraq ilk dəfə üç insanın həyatını itirməsinə səbəb olması elə Qərbin də husilərlə müharibədə olduğunu etiraf etməsinə az vaxt qaldığını göstərir. Bunlar fonunda “Bloomberg” agentliyi yazır ki, daha çətin sual bu cür asimmetrik düşmənlə necə mübarizə aparmaqdır.
Husilərin sübut etdiyi şey budur ki, inkişaf etmiş Qərb iki cəbhədə - daha zəif düşmənlərdən, qeyri-dövlət aktorlarından tutmuş İran və Rusiyaya qədər - mübarizə aparmaq kimi artan problemlərlə üzləşir: “Və ABŞ-ın daşıyıcı donanmalarının hələ də qeyri-adi gücünə baxmayaraq, bu çağırışlara heç də həmişə lazımı cavab vermək mümkün olmur. Artıq standart Vaşinqton strategiyası işləmir.
Birinci problem ondan ibarətdir ki, raketlərin və pilotsuz təyyarələrin istehsalındakı irəliləyişlər son vaxtlara qədər yalnız ən zəngin dövlətlərdə mövcud idi. Amma indi digər ölkələrdə və qruplaşmalarda belə silahlar var. Kamikadze jileti və əldəqayırma partlayıcı qurğu intiharçı pilotsuz uçan aparat və dəqiq idarə olunan raketlə əvəzlənir. İkincisi, zəifliklərin artan asimmetriyasıdır. Keçən ilin sonunda adambaşına düşən ümumi daxili məhsulu 76.000 dollardan yuxarı olan ABŞ kimi zəngin ölkə ilə müqayisədə adambaşına düşən ÜDM-i 650 dollar olan Yəməndə husilərin hücumlarının sayı daha sürətlə artır. Qloballaşan iqtisadiyyatda bütün sərvətin yaradılmasını dəstəkləyən infrastrukturun çoxu isə dənizlərdədir. Beləliklə, husilər Ərəbistan yarımadası ilə Afrika Buynuzu arasındakı Bab əl-Məndəb boğazından keçən qlobal daşımaların təxminən 12%-ni pozduqda, bu, Yəmənə deyil, Avropadakı istehlakçılara və Asiyadakı istehsalçılara təsir göstərir. Neft tankerləri Süveyş kanalından daha uzun, daha bahalı marşrutlara keçməli olsalar, ABŞ-da benzin qiyməti qalxmaqda davam etsə, husilər bundan daha az təsirlənəcəklər. Bu, eyni boğazdan keçən onlarla və ya daha çox beynəlxalq sualtı məlumat kabellərinə hücuma da aiddir. Bu arada, husilər ABŞ əsgərlərini və ya vətəndaşlarını öldürürlərsə, bu, Bayden administrasiyası üçün siyasi problemdir. Əgər ABŞ husi mülki vətəndaşlarını öldürürsə, bu husilər üçün hücumların davamına bəhanədir... Bu arada ABŞ husilərlə mübarizəsini gücləndirmək istəyinə qarşı durmalıdır. Qəzzada müharibə bitənə qədər Süveyş kanalının gəmiçilik marşrutunun müvəqqəti itirilməsi qlobal iqtisadiyyatın üzləşə biləcəyi fantastik xərcdir. Mobil raket buraxılış qurğularını hədəfə almaq husiləri çəkindirə bilməyəcək, çünki ABŞ tərəfindən hücuma məruz qalmaq onlar üçün siyasi cəhətdən yaxşı işləyir. Onlar iddia edirlər ki, hücumlar başlayandan bəri on minlərlə yeni üzvlər sıralarına qoşulublar”. Bütün bunlar artıq Qırmızı dənizlə yükdaşımaların həyata keçirilməsində problemlərin daha da dərinləşəcəyini göstərir. ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Qırmızı dənizdə mövcud böhran dünya bazarlarında ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olacaq: “Əlbəttə ki, bu, dünyada gəmiçiliyə dramatik təsir göstərib. Bu, bir çox insanlar üçün ərzaq və enerji qiymətlərinin bahalaşmasına səbəb olacaq”. Qeyd edək ki, dünyanın bir neçə gəmiçilik nəhəngi Yəmənin husi üsyançılarının hücumlarının artması səbəbindən gəmilərinin Qırmızı dənizlə hərəkət etməyəcəyini açıqlayıb.
Hind okeanını Aralıq dənizi və beləliklə də Avropanı Asiya ilə birləşdirən Qırmızı dəniz dünyanın su yolları şəbəkəsinin mühüm həlqəsidir. Süveyş kanalından hər il təxminən 20 min gəmi keçir.
İndi mövcud vəziyyətdə alternativlərə ehtiyac artır. Belə alternativlərdən biri də Azərbaycan ərzisindən keçən nəqliyyat dəhlizləridir. Qırımızı dənizdə yaşanan böhran Asiya və Avropa arasında dəniz daşımalarının müddətinə, xərcinə ciddi formada təsir göstərir, Azərbaycan logistikasının cəlbediciliyini artırır. Dəniz daşımlarında qiymət və daşıma müddəti artdıqca, Avropa və Asiya arasında daşınan yükün daha böyük hissəsi Orta Dəhlizə yönəlir. Artıq Çindən çıxmaqla Qazaxıstan və Azərbaycandan keçərək Avropaya çatdırılacaq blok qatarların sayının artması qeydə alınır. Yaxın gələcəkdə bu yük həcminin daha çox artacağı gözlənilir. Qeyd edək ki, ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 2,1 dəfə artıb. Bu nəqliyyat vasitəsilə ixrac olunan yüklərin həcmində 48 %, idxal olunan yüklərin həcmində isə 2,1 dəfə artım müşahidə olunub. Həmçinin 2023-cü ildə dəniz limanları tərəfindən 13 milyon 375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 milyon 48,8 min tonunu və ya 82,6 %-ni tranzit yüklər təşkil edib. Orta Dəhlizin artan potensialı Azərbaycandan keçən tranzit yüklərin həcmini artırmaqla yanaşı qarşıya mühüm öhdəliklər də qoyur. Artan yükləri vaxt itkisinə yol vermədən daşımaq üçün konteyner və gəmilərin sayına, limanların yükötürmə qabiliyyətinə diqqət yetirilməlidir. Hazırda bu istiqamətdə müvafiq addımlar atılır. Amma proseslər Azərbaycan üzərindən qarşıdakı dövr ərzində daha çox həcmdə yüklərin daşınacağını göstərir.
Ramil QULİYEV