Cənubi Azərbaycandan İran parlamentinə nə az, nə çox - 7 deputat seçildi...
Elşad Həsənov: “Bütün bunlar İranın apardığı anti-Azərbaycan siyasətinin davamıdır”
Bir neçə gün əvvəl İranda keçirilən seçkilərdə 7 kürd namizədin Güney Azərbaycan şəhərlərindən parlamentə seçilməsi ciddi müzakirələrə səbəb olub. Seçkidən sonra PKK bayraqları ilə keçirilən bayram şənlikləri bölgədə gərginlik yaradıb.
Cənubi Azərbaycan şəhərlərində yaranan vəziyyət Suriyada Tel Abyat, Menbic, Hələb çölü, Qamışlı, Həsəkə, İraqda Ərbil, Mosul və hətta Kərkükün türklərdən təmizlənməsi və kürd şəhərlərinə çevrilməsi planının davamı kimi şərh edilir.
Bununla bağlı “Türkiye” qəzetinə açıqlama verən iranlı tədqiqatçı və akademik Həmid Sefidgar hadisələri əvvəlcədən hazırlanmış saxta xəritə planının davamı kimi xarakterizə edib.
Sefidgar deyib ki, bölgənin türksüzləşdirilməsi layihəsi yeni deyil, amma hazırkı məqam yeni mərhələdir: “Normal şəraitdə Qərbi Azərbaycan dediyimiz Urmiya, Sulduz, Maku kimi şəhərlərdə kürd namizədlərin qalib gəlməsi mümkün deyil. Amma o seçki qutularının hamısı türk səsi kimi hesablansa belə, nəticə dəyişməyəcəkdi. Kürd namizədlərin Urmiyada necə qalib gəldiyini izah edəcək heç nə və ya onları dəstəkləyəcək seçici yoxdur”.
“Soydaşlarımızın sıx yaşadığı bölgələrdə kürdlərin parlamentə seçilməsi saxtakarlığın göstəricisidir”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən siyasi ekspert Elşad Həsənovun fikrincə, bütün bunlar məqsədli şəkildə həyata keçirilir: “Martın 1-də İranda parlament və ekspertlər şurasına seçki keçirildi. Ancaq Tehranın cəhdlərinə baxmayaraq, seçici fəallığı çox aşağı olub. Cəmi 41 faiz seçici fəallığı olub. Baxmayaraq ki, 87 milyonluq İran əhalisinin 61 milyon nəfəri səsvermə hüququna malikdir. Ekspertlər şurasına 8 ildən bir seçkilər keçirilir və 88 yerə 144 namizəd olub. Parlamentdə 290 yer uğrunda 15 mindən çox namizəd mübarizə aparıb. Azərbaycanlıların sıx yaşadığı Urmiyada 3 millət vəkili yerinə 3-ü də, Sulduz və Makuda da hər birinə 1 nəfər olmaqla kürd əsilli şəxslər seçilib. Bu, çox acınacaqlı haldır. Ona görə ki, əvvəllər bu yerlərdən hər zaman azərbaycanlı namizədlər seçilib. İndi isə bunun əksi baş verir. Fikrimcə, bütün bunlar İranın Ali Dini lideri Əli Xamneyinin istəyinə uyğun olaraq belə edilir. Çünki bu seçkilər həm də post-Xomeyni dövrünə hazırlıq məqsədi daşıyır. Məqsəd odur ki, onun davamçısı rəhbər seçilsin və fars şovinizmi əsasında qurulan siyasət davam etdirilsin. Bütün proseslər buna hesablanıb. Bu da Cənubi Azərbaycanda narazılıq yaradır. Azərbaycanlıların sıx yaşadığı bölgələrdə kürdlərin parlamentə seçilməsi saxtakarlığın göstəricisidir. Həqiqi seçki olsa, bu mümkün deyil. Molla rejimi son illər məqsədyönlü olaraq Sulduz və digər vilayətlərdə etnik tərkibi dəyişmək istəyir. Bütün bunlar İranın apardığı anti-Azərbaycan siyasətinin davamıdır. Cənubi Azərbaycanın milli fəalları zindandadır. Digərləri isə ölkəni tərk edib Avropada mühacirətdədilər. Bir sözlə, azərbaycanlıların sıxışdırılması, bir millət olaraq assimilasiya edilməsi üçün fars-molla rejimi əlindən gələn hər şeyi edir”.
Vidadi ORDAHALLI