Roma Papası Ukraynanı “ağ bayraq” qaldırıb Rusiya ilə danışıqlara başlamağa çağırdı - cəsarətli olmaq lazımdır...
Roma Papası Fransisk bəyan edib ki, Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək və danışıqlara başlamaq üçün cəsarət göstərməlidir. Katolik dünyasının ruhani lideri Papa Fransisk İsveçrədə yayımlanan RSI televiziyasına müsahibəsində deyib ki, Ukraynada münaqişədə uduzan tərəf ağ bayraq qaldırmağa cəsarət göstərməli və sülh danışıqlarına başlamağa razı olmalıdır.
“Bu, bir qiymətləndirmədir. Amma məncə, vəziyyəti görən, xalqı düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti çatan daha güclüdür” – deyə Ukraynanın təslim olması müzakirələri ilə bağlı sualı cavablandırarkən Papa Fransisk bildirib.
“Bu gün beynəlxalq qüvvələrin köməyi ilə danışıqlar aparmaq mümkündür. “Danışıq” sözü cəsarət deməkdir. Uduzanda, işlərin pis getdiyini gördükdə, danışıqlar aparmaq üçün cəsarətli olmaq lazımdır. Bunu etməkdən utanırsınız, amma belə davam etsə, nə qədər ölümlər davam edəcək? Vaxtında danışıqlar aparmaq və vasitəçilik edəcək ölkələri axtarmaq lazımdır” - Papa Fransisk deyib.
Ukraynadakı münaqişənin sona çatması üçün vasitəçilik etmək istəyən bir çox ölkənin, xüsusilə Türkiyə olduğunu ifadə edən Papa bildirib ki, vəziyyət daha da pisləşmədən danışıqlar aparmaqdan utanmaq lazım deyil.
Bu açıqlamadan sonra Vatikan Papa Fransiskin Ukraynaya qarşı “ağ bayraq”la bağlı sözlərinə aydınlıq gətirib. Vatikanın sözçüsü Matteo Bruni deyib ki, Roma Papası Fransisk Ukraynanın ağ bayraq qaldırmalı və Rusiya ilə danışıqlar aparmalı olmasını deyərkən, Kiyevin kapitulyasiyasını nəzərdə tutmayıb.
Bruni qeyd edib ki, “ağ bayraq” terminini müsahibə alan işlədib, Papa isə bu termini danışıqlar yolu ilə əldə edilən barışığı ifadə etmək üçün istifadə edib. Müsahibənin digər yerində Papa Fransisk vurğulayıb: “Danışıqlar heç vaxt kapitulyasiya demək deyil”.
"Papa ağ bayraq ifadəsini döyüş əməliyyatlarının sona çatması üçün atəşkəs və danışıqlar aparmaq cəsarətini ifadə etmək üçün istifadə etdi" - deyən Vatikan sözçüsü Papanın danışıqların heç vaxt təslimiyyət olmadığını açıq şəkildə ifadə etdiyini vurğulayıb.
Tahir TAĞIYEV