Yaxın Şərqdə yeni müharibənin tarixi açıqlandı - İsrail “Hizbullah”a vaxt verdi...
Livanın ən böyük hərbi qüvvəsi “Hizbullah”la İsrail ordusu arasında gərginlik davam edir. Livanda nəşr olunan “El-Ahbar” qəzeti İsrailin Hizbullaha martın 15-nə qədər vaxt verdiyini və bu tarixə qədər diplomatik razılaşma əldə olunmasa, Livan ərazisində müharibənin başlayacağını yazıb.
Martın 15-i diplomatik səylər üçün son tarix olduğunu bildirən qəzet, ABŞ prezidenti Baydenin baş müşaviri Amos Hokşteynin həftə ərzində Beyrut və Təl-Əvivə səfər etdiyini və İsrailin mesajlarını Vaşinqtona çatdırdığını xatırladıb.
Hizbullaha yaxınlığı ilə tanınan qəzetin yazdığına görə, İsrailin müdafiə naziri Yoav Gallant amerikalı müşavirə bildirib ki, Livan qrupunun hücumlarını davam etdirməsi Təl-Əvivi sürətlə Livanda hərbi əməliyyata başlamaq qərarına yaxınlaşdırır. “El-Ahbar” xəbər verir ki, əgər martın 15-nə qədər mövcud gərginliyi aradan qaldıracaq siyasi həll yolu tapılmasa, İsrail sərhəd münaqişələrini hərtərəfli müharibəyə çevirməyə hazırlaşır.
İsrailin dilə gətirdiyi tarixin Qərb ölkələrinin narahatlığını artırdığını qeyd edən qəzet, ABŞ nümayəndəsi Hokşteynin Qəzzada mümkün atəşkəsin Livanı əhatə etməyəcəyini də dediyini xatırladıb. Prezident Baydenin müşaviri Hokşteynin Beyrutda verdiyi açıqlamada Livan-İsrail sərhədində müharibənin nəzarət altına alına bilməyəcəyini söyləyib.
“Hizbullah”la İsrail ordusu arasında sərhəddə qarşıdurmalar Qəzzada müharibədən bir gün sonra, oktyabrın 8-də başlayıb. Hizbullah indiyə qədər əsasən sərhəd xəttindən kənara çıxmayan qarşıdurmalarda 200-dən çox üzvünün öldüyünü açıqlayıb. İsrail təyyarələrinin hava hücumları nəticəsində aralarında uşaqlar, qadınlar və jurnalistlər də daxil olmaqla çox sayda mülki şəxs həyatını itirib. İsrail tərəfində isə 10-dan çox əsgər, o cümlədən yüksək rütbəli zabitlər həlak olub.
İranın bölgədəki ən yaxın müttəfiqi olan Hizbullahın 60 min döyüşçüsü, 150 min qısa və uzaq mənzilli raketi olduğu təxmin edilir. Vaşinqtonda yerləşən Wilson Center analitik mərkəzi “Hizbullah”ı Yaxın Şərqin və dünyanın ən nəhəng qeyri-dövlət hərbi aktyoru kimi təsvir edir.
Birləşmiş Millətlər Təşkilatının sülhməramlıları UNIFIL müharibədən əvvəl tez-tez toqquşmalara səhnə olan Livan-İsrail sərhədində yerləşdirilib. İsrail 1982-ci ildə ələ keçirdiyi Livanın cənubundan 2000-ci ildə çəkildikdən sonra ümumi uzunluğu 120 kilometr olan sərhədin təhlükəsizliyi UNIFIL-in nəzarətinə keçib.
Tahir TAĞIYEV