Qərb tezliklə pul verməsə, Paşinyanı hakimiyyətə gətirənlər onu devirəcək...
Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq haqqında bəyanatları və bu təşkilatı tənqid etməsi Qərb dövlətlərindən külli miqdarda pul qoparmaq üçün həyata keçirdiyi siyasi oyundur. Bu sözləri Avrasiya Tədqiqatlar Mərkəzinin rəhbəri, Belarusun tanınmış politoloqu Dmitri Belyakov deyib.
O bildirib ki, Paşinyana onu hakimiyyətə gətirən siyasi qruplarla hesablaşmaq üçün pul lazımdır: “Əks təqdirdə, onlar birləşərək Paşinyanı devirə bilərlər. Ermənistan iqtisadiyyatının zəif olması isə baş nazirə külli miqdarda pul əldə etmək imkanı vermir”. Belyakov qeyd edib ki, Ermənistanın baş naziri KTMT-dən çıxmaq haqqında bəyanatlardan və tənqiddən başqa heç bir real addım atmayacaq. İrəvanda bunun nəticələrinin ağır olacağını çox yaxşı başa düşürlər. O diqqətə çatdırıb ki, Paşinyanın 2020-ci ildə Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar zamanı KTMT-nin Ermənistana yardım göstərmədiyini tənqid edərək irad bildirməsi tamamilə yersizdir. Çünki Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparıb və bu əməliyyatlara müdaxilə etmək üzv dövlətlər arasında imzalanan müqaviləyə zidd olardı: “KTMT Ermənistana heç bir kömək göstərə bilməzdi, çünki Azərbaycan hərbi əməliyyatları öz sərhədləri çərçivəsində həyata keçirirdi”. Politoloq əlavə edib ki, təşkilatın sənədlərində bu məsələ öz əksini aydın şəkildə tapıb. Amerikalı politoloq Endrü Korıbko da qeyd edir ki, Azərbaycan ötən ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdikdən sonra Rusiya-Ermənistan münasibətləri Nikol Paşinyanın düşmənçilik ritorikası ilə gərginləşib: “Çünki Paşinyan Rusiyanı ölkəsinin hərbi fiaskosunda günahlandırır. Bu bəhanə qısa müddət sonra Ermənistanın Qərbə tədricən qucaq açmasını sürətləndirmək üçün istifadə edildi. Paşinyanın ölkəsinin KTMT-də üzvlüyünü dondurmaqla bağlı son açıqlamaları onun əvvəl-axır blokdan çıxacağı mənasını daşıyır”. Amma bunun əvəzində Paşinyan Qərbdən olan tərəfdaşlardan birbaşa maliyyə dəstəyi və təhlükəsizlik zəmanəti istəyir. Parlamentin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Paşinyanın Qərbdən pul istəməsinin təsadüfi olmadığını qeyd edir. O bildirib ki, Ermənistanın KTMT-dən çıxması onun Avrasiya İttifaqına üzvlüyünə birbaşa təsir edəcək. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva erməni tərəfdaşların qarşılıqlı əsasda müxtəlif inteqrasiya strukturlarında Ermənistanı Rusiya ilə birləşdirən sazişləri necə həyata keçirmək niyyətində olduqları barədə qərar vermələrini istəyir. Abramyanın sözlərinə görə, Lavrov açıq şəkildə bildirib ki, əgər son vaxtlara qədər İrəvan manevr edir və ya buna cəhd edirdisə, deməli, qərar qəbul etməyin vaxtı çatıb və bunun nəticələri olacaq: "Ermənistan Rusiya ilə iqtisadi, siyasi, hərbi cəhətdən bir çətir altındadır. Əgər siz Rusiya ilə münasibətləri pisləşdirmək, KTMT üzvlüyündən çıxmaq və ya dondurmaq niyyətindəsinizsə, o zaman Aİİ-də heç nə olmayıb və hər şey qaydasındadır kimi davranmaq heç bir nəticə verməyəcək”. Onun fikrincə, mövcud vəziyyət, İrəvan istəsə də, istəməsə də, Rusiya Federasiyası ilə iqtisadi münasibətlərə və Ermənistanın İttifaq üzvlüyünə birbaşa təsir edəcək.
Deputat əmindir ki, Ermənistan hakimiyyəti Avrasiya İttifaqından çıxmaq niyyətində olmadığını göstərməyə çalışsa da, bunun nə ilə nəticələnəcəyini yaxşı başa düşür: “Bununla belə, Ermənistan rəhbərliyi Rusiya Federasiyası ilə münasibətləri ardıcıl olaraq pisləşdirir və vəziyyət o yerə çatıb ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri səviyyəsində birbaşa seçim etmək lazım olduğunu deyir, özü də və çox tez. Ermənistan hakimiyyətinin son anda görəcəyi işlər onların şantajdan keçib-keçməməsindən və ya vektoru dəyişməsindən asılıdır. İndi təkcə manevr və ya şantaj meydanı bağlanmır - Rusiya Ermənistan cəmiyyəti üçün prosesi aydınlaşdırmağa çalışır. Amma sərt hərəkətlər zamanı problemin nədən ibarət olduğu və əsas günahkarın kim olduğu aydın görünür”. Hələlik isə Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərində gərginliyi artırmaqda davam edir. Rus ekspert Mixail Neyjmakov bildirir ki, Paşinyanın bəyanatlarının Moskva ilə İrəvan arasında dialoq üçün daha problemli fon yaratdığı göz qabağındadır: “Gələcəkdə çox şey, ilk növbədə, İrəvanın Qərb oyunçularından ala biləcəyi konkret dəstəkdən asılı olacaq. Praktikada bu dəstək o qədər də böyük olmazsa və Cənubi Qafqazda gərginlik artarsa, bəlkə də bu, İrəvan üçün Moskva ilə danışıqları intensivləşdirmək baxımından stimul olacaq. Qeyd etmək olar ki, Ermənistanın “paralel idxal” kanallarından biri kimi rolunu nəzərə alsaq, Rusiya üçün İrəvandan radikal şəkildə kəsilmək obyektiv olaraq sərfəli deyil. Lakin eyni səbəbdən belə boşluq İrəvan üçün də ciddi iqtisadi problemlər yaradacaq. Nikol Paşinyanın son bəyanatlarının motivi həm Qərb elitasını Ermənistanın hazırkı hökumətini daha fəal dəstəkləməyə sövq etmək, həm də 2024-cü ildə orada etiraz fəallığı güclənəcəyi təqdirdə ölkə daxilində müxalifətə daha intensiv təzyiq göstərmək niyyəti ilə bağlıdır”.
Ramil QULİYEV