Ceyhun Bayramovdan İƏT-in fövqəladə iclasında Qəzza mesajı - ciddi narahatlıq doğurur...
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edib.
Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.
Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir Azərbaycanın insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib.
Ceyhun Bayramov Azərbaycanın İslam dünyasının məsuliyyətli və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs İslam dininin qardaşlıq ruhuna və dəyərlərinə uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.