MTK-lar çoxmərtəbəli binaların su çənlərini antisanitariya yuvasına çeviriblər...
Elxan Orucov: “İldə bir dəfə binalarda yerləşən su anbarları dezinfeksiya olunmalı və yuyulmalıdır”
Binaların ehtiyat su anbarları ən azı ildə bir dəfə yuyulmalıdır. Dövlətin balansında olan binaların anbarlarında bu qaydaya əməl edilir. MTK-lar tərəfindən idarə edilən binalardakı su anbarlarının yuyulması isə idarəedicilərin, yəni komendantların insafına qalıb.
Hətta bu məsələ bu günlərdə Milli Məclisdə də müzakirə olunub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə deputat Məlahət İbrahimqızı deyib ki, Bakıda binalarda olan su çənlərinin təmizlənməsinə nəzarət edilmir: “Çənlər təmizlənir, təmizlənmir, bilinmir. Əksəriyyət artıq hündürmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir”.
Qeyd edək ki, bu məsələ zaman-zaman müzakirə olunub. Ancaq məlum problemin həlli ilə bağlı hər hansı bir iş görülməyib.
“Sakinlər özləri də sağlamlıqları üçün bunu MTK-dan tələb etməlidirlər, amma bir çox binalarda su anbarlarında təmizliyə əməl olunmur”
Binaların idarə edilməsi məsələləri üzrə ekspert Elxan Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, özəl binalardakı su anbarlarının təmizləmə işlərini MTK-lar özləri tənzimləməlidir: “Məlumat üçün deyim ki, Azərbaycanda mənzil fondu üç yerə - özəl, dövlət və bələdiyyə fondlarına bölünür. Özəl mənzil fondu mülkiyyətçilərin ödədiyi vəsait hesabına formalaşır. Bütün xərclər sakinlərin ödədiyi kommunal vəsaitlər hesabına maliyyələşdirilir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən qoyulan məcburi tələbə görə, ildə bir dəfə binalarda yerləşən su anbarları dezinfeksiya olunmalı və yuyulmalıdır. Məsələn, biz idarə etdiyimiz binalarda mütəmadi olaraq ildə bir dəfə olmaq şərti ilə həmin anbarları xüsusi lisenziyası olan şirkətlərə yuduzdururuq. Ümumiyyətlə, sakinlər özləri də sağlamlıqları üçün bunu MTK-dan tələb etməlidirlər. Amma bir çox binalarda su anbarlarında təmizliyə əməl olunmur. Bu, birbaşa insan sağlamlığı üçün təhlükəli məsələdir. Zaman-zaman bu məsələ gündəmə gətirilir, amma heç bir effekti olmur. Sakinlər özləri sağlamlıqlarını fikirləşməlidirlər. Təəssüflər olsun ki, buna nəzarət mexanizmi yoxdur. Dövlət tərəfindən tövsiyə olunur ki, yuyulsun. Amma özəl mənzil fondu olduğuna görə, işin görülməsi vəsaitə bağlı məsələdir. Anbarların yuyulması üçün müəyyən pul ödənilməlidir. Burada əsas məsuliyyət idarəedicilərin üzərinə düşür. Çünki vətəndaşlar kommunal xidmət haqlarını, binanın saxlanması xərclərini ödəyirlər. Bu məsələni idarəedicilər özləri təşkil etməlidirlər. Lakin bu sahə yaxşı vəziyyətdə deyil. İnsanlar da laqeydlik göstərib tələb etmirlər. Bir çox binalar MTK-lar tərəfindən idarə olunduğuna görə bu məsələlərə diqqət yetirilmir”.
Günel CƏLİLOVA