Lerikin Hovil kəndi şəhidini andı...
44 günlük İkinci Qarabağ müharibəsində xalqımıza öz qanı bahasına qələbə sevincini yaşadan qeyrətli Vətən oğullarından biri də şəhid İmaməli İbrahimovdur. Dağlar diyarı Lerikin Hovil kəndində şəhidin 3-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.
Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri , Ərazi Partiya Təşkilatının fəalları ,kənd sakinləri və şəhidin ailə üzvləri qəhrəmanın məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.
İmaməli Elman oğlu İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonu, Hovil kəndində anadan olub. O, müharibə zamanı tuşlayıcı - operator kimi hərbi xidmətini yerinə yetirib. Cəbrayıl, Qubadlı rayonları istiqamətlərində əməliyyatlarda böyük şücaət göstərib. Vətən sevdalısı son vuruşunda Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmən diversiya qrupunu məhv edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında İmaməli İbrahimov "Vətənə xidmətə görə" ordeni, Cəbrayılın, Qubadlının, Laçının azadlığı uğrunda medalları ilə təltif edilib.
Adını Azərbaycanın yeni, şanlı tarixinə yazan İmam İbrahimovun şərəfinə doğma Hovil kəndində bulaq kompleksi inşa olunub. Bura indi hər bir kənd sakini üçün müqəddəs and yerinə dönüb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü