Oğluna gəlin seçən ataları belə təhqir etdilər...
Fatimə Hacıbəyli: “Bəzi psixoloqlar gündəmdə qalmaq üçün mənəvi dəyərləri məhvə aparan açıqlamalar verir”
Son zamanlar psixoloqların peşəkarlığı ilə bağlı müzakirələr tez-tez gündəmə gəlir. Bəzi psixoloqlar televiziyalarda, mətbuatda verdikləri açıqlamalara görə qınaq obyektinə çevrilirlər.
Bu yaxınlarda psixoloq Əfsanə Rüstəmova emosional ehtiyacı ödənməyən qadının boşanmaq kimi bir hüququ olduğunu dilə gətirdi. Ardından isə psixoloq Samirə Bağırova qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O müsahibələrinin birində vurğulayıb ki, valideynlərin övladlarına həyat yoldaşı seçimi qəbulolunmaz hərəkətdir: "Əgər kişi oğluna gəlin seçirsə, özünə arvad seçir. Şüuraltı artıq onu bəyənib. Ümumiyyətlə, ata və ananın övladlarına həyat yoldaşı seçməsi çox ayıb bir hərəkətdir".
“Bu sözü işlədən şəxs nə dediyinin fərqindədir? Necə yəni qaynata özünə arvad alır?”
Məlum məsələ ilə bağlı fikir bildirən “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar psixoloqlar gündəmdə qalmaq üçün bilərəkdən insanları qıcıqlandıran ifadələr işlədir: “Bu yaxınlarda bir psixoloq 3000-lik telfona görə ərin boşanmasının vacibliyindən danışdı. Daha sonra başqa psixoloq bakirə qalanlara pis baxılması barədə fikir bildirib. Indi isə deyirlər ki, ata övladına gəlin seçirsə deməli özünə arvad alır. Bu nə deməkdir? Adətə görə, valideyn oğlunu evləndirən zaman gəlini araşdırır, ailəyə uyğun, münasib bildiyi qızın oğlu ilə izdivacına razı olur. İndi biri çıxıb deyir ki, valideyn seçdiyi gəlini özünə alır. Bu sözü işlədən şəxs nə dediyinin fərqindədir? Necə yəni qaynata özünə arvad alır? Bu ifadənin nələrə səbəb olacağını bilirlər? Söz xatirinə söz demək lazım deyil. Təəssüf ki, indi bəzi psixoloqlar gündəmdə qalmaq üçün mənəvi dəyərləri məhvə aparan açıqlamalar verir. Bu psixoloqun yanına ağıllı adam getməz. Kimin ağlına nə gəlir, onu deyir.
Tarixən Azərbaycan ailələrində qaynata ilə gəlin arasında ata-bala münasibəti hökm sürüb. Adətən qaynata gəlinini öz qızı kimi sevir, gəlin də ona atası kimi hörmət göstərir. Ən yüksək əxlaqi davranışı, müdrik məsləhətləri, sanballı hərəkətləri ilə təkcə ailədə deyil, həm də bir rayonda, bir kənddə hörmət qazanan, ehtiram göstərilən kişilər çox olub”.
Günel CƏLİLOVA