Şəhid anası prezidentini seçdi, “Bir oğul itirdim, min oğul qazandım” dedi...
44 günlük haqq savaşımızda Vətən yolunda son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalan unudulmaz qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı şəhid Ehtiram Hüseynovdur. Lənkəranda dünyaya göz açan bu Vətən sevdalısının ömür yolu burada hamı üçün örnək sayılır. Həm də belə qəhrəman övlad boya-başa çatdıran ana Ümbulbani Hüseynovanın hörmətini uca tutmağı, onun ana müqəddəsliyi qarşısında baş əyməyi Lənkəranda kiçik də, böyük də özünə şərəf bilir.
Qəhrəman anası səhhəti ilə bağlı seçki məntəqəsinə gedə bilməsə də, bütün qalib ölkənin vətəndaşları kimi səsvermədə ürək dolusu sevinclə iştirak edib. Belə ki, seçki qutusu şəhid anasının evinə aparılıb, o, 77 saylı Lənkəran seçki dairəsinin 10 saylı məntəqəsi üzrə səs verib.
Ü.Hüseynova səs vermə zamanı onu da bildirib ki, müraciətimi qəbul etdiyinizə görə təşəkkür edirəm, seçkilərdə iştirak etmək arzum idi. Azərbaycanın gələcəyinə, xoşbəxtliyinə səs verdim. Bir oğul itirdim, min oğul qazandım.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü