Rusiya "Şimal dəniz yolunu" Qərbə satmaq üçün hər şeyə hazırdır...
Elşən Əliyev: “Tokiodan Hamburqa gedən konteyner gəmisi Süveyş kanalı ilə 48 günə getdiyi yolu Şimal dəniz yolu ilə 35 günə gedir”
Rusiya Qırmızı dənizdəki logistika böhranı ilə əlaqədar beynəlxalq qaydalara və Rusiya qanunvericiliyinə uyğun olaraq həyata keçirilən kommersiya və elmi gəmiçilik də daxil olmaqla, bütün yükgöndərənlər üçün Şimal dəniz marşrutu boyunca naviqasiyanın maksimum təhlükəsizliyinə və ekoloji cəhətdən təmizliyinə zəmanət verməyə hazır olduğunu bəyan edib.
Rusiya rəsmiləri bildirir ki, pandemiyadan bəri dünyanın ən böyük logistika şirkətlərinin prioritetləri mənfəəti artırmaqdan daşınmanın davamlılığına və təhlükəsizliyinə keçdi: “Şimal dəniz marşrutunun əsas xüsusiyyəti tamamilə təhlükəsiz, davamlı və ekoloji cəhətdən təmiz daşımadır. Son illərdə biz risqləri hedcinq etməkdə maraqlı olan logistika şirkətləri tərəfindən NSR boyu daşımalara marağın artdığını müşahidə etdik. Şimal dəniz marşrutunda müntəzəm konteyner xətləri görünməyə başlayır”.
Bu layihənin perspektivi necə dəyərləndirilə bilər?
İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2022-ci ildə Rusiya yeni dəniz doktrinasını dərc etdi: “İlkin olaraq onu qeyd etmək lazımdır ki, bu doktrina 2015-ci ilin dəniz doktrinasından və 2017-ci ilin dəniz doktrinasından əhəmiyyətli dərəcədə fərqlənir ki, bu da Rusiyanın müdafiə və xarici siyasətində həlledici strateji dönüşü ifadə edir. Strategiya təkcə donanmaya aid deyil. Əksinə, 2015-ci ildəki sələfi kimi, sənəd dəniz siyasətinin bütün infrastrukturunu, o cümlədən ticarət gəmiləri və elmi araşdırma gəmilərini, gəmiqayırma və limanların ümumi sistemini və başqalarını əhatə edir. Doktrina Şimal dəniz marşrutu da daxil olmaqla, strateji resurs kimi Arktika zonasının inkişafını təsdiq edir. Dəniz maraqlarının Rusiyanın iyerarxiyasının ən yüksək pilləsində yerləşdirilməsi Moskvanın ənənəvi Avropa oriyentasiyasından imtina etdiyini vurğulayır. Doktrina etiraf edir ki, Arktikanın təbii sərvətləri Moskvanın siyasətinə təkan verir. Bu kontekstdə doktrina Xəzər istiqamətini açıq şəkildə Hindistan, İran, İraq və Səudiyyə Ərəbistanı kimi Hind okeanının sahilyanı dövlətləri ilə genişləndirilmiş əməkdaşlıqla əlaqələndirir.
Bu əməkdaşlıq açıq şəkildə “Rusiya Federasiyasının Qırmızı dəniz və Hind okeanında logistik dəstək nöqtələri əsasında Fars körfəzi ərazisində hərbi-dəniz mövcudluğunun qorunması və saxlanması” ilə bağlıdır. Putin Şimal dəniz marşrutu da daxil olmaqla nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri nəzərdən keçirməyi tapşırıb. Həmçinin, dəmir yolu nəqliyyatının dartma və hərəkət heyətinin yenilənməsi, konteyner gəmilərinin, quru yüklərin və tankerlərin, o cümlədən buz tipli gəmilərin istehsalı, Rusiya tərsanələrində yükün artırılması, gəmilərə texniki xidmətin göstərilməsi və yüklərin idarə edilməsi ilə bağlı tapşırıqlar verilib.
Rusiyanın enerji şirkəti "Qazprom" öz istehsal etdiyi mayeləşdirilmiş təbii qazı Şimal dəniz yolu ilə nəql etdiyini açıqlayıb. “Velikiy Novqorod” adlı LNG tankeri Rusiyanın “Portovoye” yatağında istehsal etdiyi təbii qazı Çinə daşıyıb.
Açıqlamada şirkətin LNG daşımalarını ilk dəfə Şimal dəniz yolu ilə həyata keçirdiyi və yeni marşrutun Asiya-Sakit Okean bölgəsinə LNG daşıma müddətini əhəmiyyətli dərəcədə qısaltdığı qeyd edilib. Rusiyanın “Süveyş kanalına alternativi” adlandırılan Şimal dəniz yolu ilə 2014-cü ildə 4 milyon ton yük daşınıb. 2022-ci ildə yükün həcmi 34 milyon tona çatıb. Rusiya hökuməti 2030-cu ilə qədər Şimal dəniz marşrutu ilə daşınan yüklərin həcmini 100 milyon tondan çox artırmağı hədəfləyir.
Tokiodan Hamburqa gedən konteyner gəmisi Süveyş kanalı ilə təxminən 48 gün səyahət etməli olsa da, bu müddət Şimal dəniz yolu ilə təxminən 35 günə endirilir.
Bu layihəyə böyük marağın yarandığı ortadadır”.
Məhəmmədəli QƏRİBLİ