Şabranda 1-ci qrup əlil qutudan imtina edib səs vermək üçün məntəqəyə getdi - "Çünki bugünkü Zəfər seçkisidir!”
56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 39 saylı seçki məntəqəsində qeydiyyatda olan birinci qrup əlil, Şabran rayon Sincanboyad kənd sakini Məmmədov Rahib Agası oğlu onun üçün daşınan qutunun gətirilməsindən imtina edərək məntəqədə səs vermək istədiyini bildirib. Secki-2024.az saytı xəbər verir ki, 1963-cü il təvəllüdlü R.Məmmədov bu istəyini Zəfər seçkisinə verdiyi önəmlə əlaqələndirib:
“Sağ olsunlar, dedilər qutu gətirək evdə səs ver. Bundan əvvəlki seçkilərdə elə olub. Ancaq bu dəfə razılaşmadım, dedim bu elə seçkidir ki, necə olursa olsun özüm gəlib məntəqədə səs verəcəm. Çünki bugünkü seçkiləri Azərbaycanımızın hər yerində keçiririk. Bu, xalqımız üçün böyük hadisədir, Zəfər seçkisidir!”.
Qeyd edək ki, Rahib Məmmədovun arzusu reallaşdırılıb və onun əlil arabasında məntəqəyə daxil ola bilməsi üçün pilləkəndə xüsusi şərait yaradılıb.