Makronun ikiüzlülüyü növbəti dəfə ifşa olundu - İsraillə bağlı üç ziddiyyətli açıqlama, sonda da üzr istəməyə məcbur oldu...
Fransa hakimiyyətinin ziddiyyətli xarici siyasətinə daha biri əlavə olundu. Belə ki, İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında atəşkəsə çağıran Fransa prezidenti Makron yenidən İsrail prezidenti İsaak Herzoqa zəng edərək iki gün əvvəl dediklərinə görə üzrxahlıq edib.
İsrail prezident administrasiyasından verilən yazılı açıqlamaya görə, Makron BBC-yə verdiyi müsahibədə atəşkəs çağırışından və İsrailin Qəzzadakı əməliyyatlarında mülki vətəndaşların ölməsi ilə bağlı açıqlamalarından danışıb.
Makron vurğulayıb ki, “İsraili HƏMAS terror təşkilatına qarşı apardığı əməliyyatda mülki əhaliyə qəsdən zərər verməkdə ittiham etmək niyyətində olmayıb və heç vaxtı da olmayacaq”.
Fransa prezidenti İsrail dövlətini və özünü müdafiə hüququnu qeyd-şərtsiz dəstəklədiyini deyib.
Əslində Makron bununla növbəti dəfə ikiüzlülüyünü ortaya qoymuş oldu. Makron bir müddət əvvəl İsrailə səfəri çərçivəsində baş nazir Benyamin Netanyahu ilə görüşü zamanı HAMAS-a qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif edib. O, İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın HƏMAS-la da mübarizə aparmaq üçün genişləndirilməsinin zəruriliyinə çağırış edib: “İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır”.
Makronun HƏMAS-la mübarizə üçün beynəlxalq koalisiya yaratmaq təklifi Fələstin-İsrail münaqişəsinə cəlb olunmaq istəməyən Avropa ölkələrində maraq doğurmadı. Çünki, belə bir ideya uzun müddətdir Yaxın Şərqdə davam edən münaqişənin həllinə töhfə verməyəcəkdi.
Beləliklə, Makron sülhə çağırış etmədi. Onun HƏMAS-a qarşı beynəlxalq koalisiya yaradılması çağırışı onu göstərdi ki, Fransa İsrail-Fələstin qarşıdurmasının daha da dərinləşməsində maraqlıdır və Qəzzada ölən dinc insanlar onun üçün heç bir əhəmiyyət daşımır. Makronun çağırışına cavab gəlməyəndən sonra bu dəfə o İsrailə mülki vətəndaşları bombalamağı dayandırması ilə əlaqədar çağırış edib. O, Britaniyanın BBC telekanalına verdiyi müsahibədə İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda mülki vətəndaşların həlak olduğunu bildirib: “Körpələr, qadınlar və qocalar bombalanır və öldürülür. Bunun heç bir əsası və qanuniliyi yoxdur. Ona görə də biz İsraili dayanmağa çağırırıq".
Tahir TAĞIYEV