Bakıda yeni parklanma qaydalarına deputatlar da etiraz etdilər…
Fəzail Ağamalı: “Parklanma ilə bağlı müəyyən kateqoriyadan olan insanlara güzəşt tətbiq edilməlidir”
Azərbaycanda ötən il yaradılan parklanma sistemi vətəndaşların narazılığına səbəb olur. Narazılıq isə parkinq qiymətlərinin baha olmasındandır. Belə ki, Bakı şəhərinin mərkəzində parklanma tarifi saat üçün 1 manat müəyyən olunub. Digər ərazilərdə isə 1 saat üçün həmin tarif 30, 40 və 70 qəpikdir.
Qiymətlərin saatlıq hesablandığını nəzərə alsaq, işə şəxsi avtomobili ilə gedənlər üçün böyük vəsait tələb olunur. Sözügedən sistemə şəhərin bütün küçələrində rast gəlmək mümkündür. 8 saatlıq iş rejimi zamanı avtomobillərini park edənlərdən olduqca yüksək ödəniş tələb olunur. Əgər şəxsin iş yeri şəhərin mərkəzindədirsə, parkinq xidməti üçün ödəniş 8 manat, digər ərazilərdə isə orta hesabla 3-6 manat arası dəyişəcək. Bu rəqəm orta hesabla ayda 120-200 manat edir. Təbii ki, bu da minimum əmək haqqı ilə işləyənlər üçün gəlirinin yarısını parkinq xidmətinə vermək deməkdir.
Qeyd etdiyimiz kimi, bu məsələ ictimaiyyətin narazılığına səbəb olur. Hətta Milli Məclisin ötən iclasında millət vəkili Fəzail Ağamalı çıxış edərək bildirib ki, iş yerinin qarşısında avtomobilini saxlayanlara parklamaya görə güzəşt edilməlidir.
Məlum məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxladıq.
“Bu problemin həll olunması üçün aidiyyəti qurumlar Nazirlər Kabinetinə müraciət etməlidir”
O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, parkinq məsələsi ölkə ictimaiyyətini narahat edir: “Bu problemin həll olunması üçün aidiyyəti qurumlar Nazirlər Kabinetinə müraciət etməlidir. Bəllidir ki, o qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Məlum məsələnin həlli üçün Nazirlər Kabinetinə müraciət edilməlidir ki, qaydalar dəyişilsin”.
Millət vəkili hesab edir ki, parklanma ilə bağlı müəyyən kateqoriyadan olan insanlara güzəşt tətbiq edilməlidir: “Güzəşt əsasən tələbələrə və işə şəxsi nəqliyyat vasitəsi ilə gələnlərə şamil olunmalıdır. Tələbələrin təhsil müəssisələrində olma vaxtını nəzərə alsaq, onlar üçün parklamaya görə ödənişlərin məbləği yüksəkdir. Həmçinin, işə öz maşını ilə gələnlərə də güzəşt edilməlidir. Azərbaycanda iş vaxtının 8 saat olmasını nəzərə alsaq, parkinqə görə saatı 1 manatdan ödənişi ay ərzində toplasaq, bu kifayət qədər böyük rəqəm edir. Bu səbəbdən də parklama ilə bağlı müəyyən kateqoriyadan olan insanlara güzəştlər edilməlidir. Parklanma insanların büdcəsinə mənfi təsir edir”.
Günel CƏLİLOVA