ABŞ Konqresindəki erməni 4-lüyü AŞPA-nın ardınca yürüdü...
Əli Mustafa: “Etiraf etmək lazımdır ki, kifayət qədər mütəşəkkil, fitnəkar düşmənlə üz-üzəyik”
Fransa Senatının, AŞPA-nın Azərbaycanla bağlı qərəzli bəyanatlarının ardınca ABŞ Konqresi də hərəkətə keçib. Konqresin Ermənistan üzrə qrupunun həmsədrləri Frank Pallone, Qus Bilirakis, Adam Şiff və David Valadao Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıblar.
Pallonenin X sosial şəbəkəsində ermənipərəst “dördlüyün” bəyanatı yayılıb və təxribatçı fikirlər səslənib: “Azərbaycan öz qoşunlarını Ermənistan ərazisindən çıxarmaqdan imtina edir”.
Onlar iddia edir ki, oxşar ssenari “100 mindən çox Qarabağ ermənisinə qarşı etnik təmizləmə” həyata keçirmək üçün də istifadə edilib:“ABŞ və onun regional tərəfdaşları Azərbaycanın açıq təhdidlərinə cavab olaraq Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün bütün diplomatik vasitələrdən, o cümlədən, sanksiyalardan istifadə etməlidirlər”.
Belə görünür ki, son proseslər erməni lobbisini əməllicə həvəsləndirib.
“4 konqresmen tapılırsa və onlar ermənilərin xeyrinə bəyanat verirsə, bu qədər imkan və resurslarla biz də...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, erməni lobbisinin fəallaşacağı gözlənilən idi: “Çünki ermənilər sahədə mübarizə apara bilməyəndə diplomatik müstəviyə baş vururlar. Diplomatik müstəvidə çətinlik yarananda başqa yollara əl atırlar. İnformasiya təxribatlarından geniş istifadə edirlər. Siyasi təzyiqlərə üstünlük verirlər. Etiraf etmək lazımdır ki, kifayət qədər mütəşəkkil, fitnəkar düşmənlə üz-üzəyik. Erməni tərəfi formasını dəyişib, məzmun isə yerindədir və bizə olan münasibəti birmənalıdır. Biz özümüzü sülhə nə qədər inandırsaq da, ermənilər zatən bizi özlərinə düşmən hesab edirlər. Hər fürsətdə bu düşmənçiliyi həyata keçirirlər. İndi də Avropa Şurasında baş verənlərin arxasında erməni izi və fitnəkarlığı var. Konqresin Ermənistan üzrə qrupunun həmsədrlərinin müraciəti də erməni faşizminin, informasiya şəbəkəsinin təzahürüdür. Açığı, bu məsələlərə soyuqqanlı baxmaq və şəraitə uyğunlaşmaq lazımdır. Yəni biz də, necə deyərlər, rəqabət qabiliyyətli olmalıyıq. ABŞ-da 4 konqresmen tapılırsa və onlar ermənilərin xeyrinə bəyanat verirsə, bu qədər imkan və resurslarla biz də 10 konqresmeni öz tərəfimizə çəkib əks bəyanat verməliyik. Biz də Avropa Şurasında ermənilərin fitnəkarlığı ilə bağlı tədbirlər görməliyik. Bizə tutulan iradları aradan qaldırmalıyıq, nöqsanlarımızı düzəltməliyik. Görüləsi işlər var və onlar yoluna qoyulmalıdır. Hər zaman qarşı tərəfi ittiham etməklə məsələlər həll olmaz. Vaxt itirmədən üzərimizə düşən işləri həll etməliyik. Davamlı olaraq həm sahədə, həm də xarici siyasətdə və informasiya sahəsində işləməliyik. Bir vacib istiqamət də ondan ibarət olmalıdır ki, beynəlxalq təşkilatların, həmçinin Qərbdəki partniyorların Azərbaycana qarşı çevrilməsinə imkan verməməliyik. Erməni fitnəkarlığının Avropa İttifaqı və ABŞ-la münasibətlərimizdə problem yaratmasına imkan verməməliyik. Yaranacağı halda qarşısını almaq üçün tədbirlər görməliyik. O cümlədən, ermənilərin mahiyyətini ifşa edib əks zərbələr vurmalıyıq. Onların gizlində Rusiya ilə əməkdaşlıq etdiyini, hələ də bir hərbi blokda olduqlarını dünyanın diqqətinə çatdırmalıyıq. Nə vaxtdan KTMT üzvü olan Ermənistan üçün ABŞ Azərbaycanla mübarizə aparmalıdır? Bunun bir absurd olduğunu Amerika cəmiyyətinə, siyasi dairələrinə izah etməliyik. Əslində Ermənistan gizlində Rusiyanın dostudur”.
Vidadi ORDAHALLI