Avroittifaq erməniləşdi - "Qarabağ erməniləri" 2024-cü il üçün əsas prioritet elan edildi...
Rizvan Hüseynov: “Ana məqsəd 2024-cü il ərzində Bakı ilə İrəvan arasında gedən danışıqları pozmaqdır”
Avropa İttifaqı açıq-açığına tərəf olduğunu və ermənipərəstliyini ifadə etməkdən çəkinmir. Tərəfsizlik, obyektivlik, bütün üzv dövlətlərə eyni gözlə yanaşmaq öhdəliyi olsa da, bir ovuc erməninin əsir-yesirinə çevrilib.
Məlum olduğu kimi, Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsi yer alıb, eyni zamanda Qarabağ ermənilərinin qayıdışı məsələsi qabardılıb.
Ermənidən çox erməni olan Avroittifaqın 2024-cü ildə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi”ni prioritet elan etməsi, təbii ki, qıcıq doğurmaya bilmir.
“...Məqsədləri aydındır”
Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi və siyasi şərhçi Rizvan Hüseynov “Bakı-Xəbər”ə “Avropa İttifaqında və Avropa Şurasında baş verən proseslərin əsas arxa pərdəsi Fransa, Almaniya və ABŞ-ın bəzi siyasi dairələridir. Onların məqsədləri aydındır. Avropa İttifaqı və AŞPA səviyyəsində Azərbaycana qarşı bu cür fəaliyyəti həyata keçirməkdə, guya Qarabağdan getmiş ermənilərlə bağlı hansısa cəhdlər etməkdə məqsədləri Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan gedən ikitərəfli danışıqları pozmaqdır. Yəni ikitərəfli vasitəçilərsiz danışıqlar həm Fransanı, həm bəzi Avropa ölkələrini, ABŞ-ı və hətta Rusiyanı narahat edir. Həmin o Minsk üçlüyünün tərkibi - Rusiya, ABŞ və Fransa Qarabağ münaqişəsi sayəsində bizim regiona müdaxilə edirdilər, bölgəmizin geopolitikasına təsir göstərirdilər”-deyə bildirdi.
R.Hüseynov qeyd etdi ki, indi münaqişə yoxdur və Azərbaycanla Ermənistanın ikitərəfli danışıqları bu ölkələri ciddi narahat edir. “Əgər Azərbaycanla Ermənistan öz aralarında sülh istiqamətində gedib sülh sazişi sənədini imzalasalar, deməli bu ölkələrin bizim regionda nüfuzu azalır. Zəif nöqtə Ermənistan və Qarabağ erməniləri məsələsidir. Ona görə də, bunlardan istifadə edərək Avropa İttifaqı və AŞPA səviyyəsində aranı qarışdırmaq istəyirlər. Ana məqsəd 2024-cü il ərzində Bakı ilə İrəvan arasında gedən danışıqları pozmaqdır”-deyə R.Hüseynov qeyd etdi.
İradə SARIYEVA