İnanılmaz - sülhməramlılar Qarabağ ermənilərinin dönüşünə hazırlaşır...
Rövşən Məhərrəmov: “Rusiya sülhməramlılarının ərazidə qalması ən azı nəzərdə tutulan vaxta qədər davam edəcək”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib ki, Qarabağdakı sülhməramlılarla bağlı məsələnin Ermənistana heç bir aidiyyəti yoxdur:
“Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir. Prezidentlər bu mövzunu müzakirə etdilər. Onlar razılaşdılar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına kömək etmək üçün müsbət rol oynayır”.
Lavrov deyir ki, sülhməramlılar erməni sakinlərin geri qayıtmasına kömək etmək istəyir, bu nə anlama gəlir?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 10 noyabr bəyanatına əsasən, Rusiya sülhməramlıları 2025-ci ilə qədər ərazidə qalacaqlar: “Bəyanatın bütün müddəalarını tərəflər götürdükləri öhdəliklərə uyğun yox, Azərbaycan özü həll etdi. Ermənistan götürdüyü öhdəliyin heç birinə əməl etmədi. Son məqamda şərait elə yarandı ki, Azərbaycan tərəfi antiterror tədbirləri həyata keçirməyə məcbur oldu. Beləliklə, Qarabağa tam nəzarəti ələ keçirdi. Ərazidə yaşayan ermənilər öz istəkləri ilə Qarabağı tərk etdi, yalnız çox cuzi sayda erməni hazırda Qarabağda qalmaqdadır. Dolayısı ilə Qarabağda nə erməni, nə də Ermənistana aid bir məsələ qalıb. Bu baxımdan Rusiya sülhməramlıları ilə bağlı Ermənistan tərəfinin heç br söz haqqı yoxdur. Faktiki olaraq, Azərbaycan işğal altındakı bütün torpaqlarına tam nəzarəti həyata keçirir.
Rusiya sülhməramlılarının hələ də qalmasına gəldikdə isə, bu həm məlum bəyanatın müddəalarına görədir, bundan əlavə, regiona başqa güclərin daxil olmasının qarşısını almaq üçündür. Ermənistan tərəfi dəfələrlə bəyanat verdi, bundan əlavə əməli fəaliyyət də göstərdi ki, regiona başqa güclər daxil olsun. Bu isə nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına uyğundur. Ermənistanın dəvət etdiyi güclər Avropa İttifaqı, dolayısı ilə Fransa idi. Həm qurumun, həm də Fransanın Azərbaycana münasibəti ortadadır. Onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini arzulayırdı, əksinə, bunu həzm etmirlər, Azərbaycana qarşı təzyiqlər həyata keçirirlər. Dolayısı ilə rəsmi Bakı ona təzyiq edən ölkələri yox, onunla 2022-ci ildə müttəfiqlik sazişi imzalamış ölkəni öz ərazisində görmək istəyir. Azərbaycan pislə lap pis arasında seçim etməli oldu”.
Ekspertin sözlərinə görə, Rusiya sülhməramlılarının qalması əraziyə ermənilərin köçməsi ilə bağlı deyil: “Düzdür, Azərbaycan tərəfi bəyan edib ki, gəlib yaşamaq istəyənlər müraciət edib, qayıda bilərlər. Ancaq açıq şəkildə görünür ki, onlar geri qayıtmaq niyyətində deyillər, qayıdanların sayı isə az olacaq. Bütün bu ehtimallar nəzərə alınaraq Rusiya sülhməramlılarının ərazidə qalması ən azı nəzərdə tutulan vaxta qədər davam edəcək. Əgər Qərbin Azərbaycana təzyiqləri davam edəcəksə, ehtimal olunur ki, sülhməramlıların qalma müddəti daha 5 il artırıla bilər”.
Məhəmmədəli QƏRİBLİ