Rusiyadan gətirilən taxta COVİD-ə qədərkindən də baha oldu...
Kamran Məmmədli: “İndiki məqamda alıcılıq qabiliyyəti yüksək deyil, ancaq ilin ikinci və üçüncü rübündə tikinti materiallarının bahalaşması gözlənilir”
Azərbaycanda tikintidə istifadə edilən ağac məmulatları əsasən Rusiyadan gətirilir. Qeyd edək ki, Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.
Məlumat üçün bildirək ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubunu 2019-cu ildə 133 ABŞ dollarına (227 manat), 2020-ci ildə 117 dollara, 2021-ci ildə 135 dollara, 2022-ci ildə isə 203 dollara alıb. 2023-cü ildə isə bu rəqəm artıq 213 dolları ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha bahadır.
Maraqlıdır, Rusiyadan gələn taxta məhsullarının qiyməti niyə bahalaşıb? Ümumiyyətlə, idxal qiymətlərinin artması daxili bazara necə təsir edəcək?
“Gömrük rüsumları, istehlakçıya çatdırılması və s. məqamları nəzərə alsaq, Azərbaycanda orta hesabla taxtanın qiymətində 70 faizə yaxın artım var”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, tikinti materialları bazarında bahalaşma çoxdan müşahidə olunur. Bu əsasən ölkəyə Rusiya və Ukraynadan idxal olunmuş bir sıra məhsullarda qeydə alınır: “Hazırda mövsümə uyğun olaraq inşaat materiallarının qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunur. Bunun da səbəbi inşaat işlərinin zəifləməsi ilə bağlıdır. İndiki məqamda alıcılıq qabiliyyəti yüksək deyil. Ancaq ilin ikinci və üçüncü rübündə tikinti materiallarının qiymətinin bahalaşması gözlənilir”.
Son illər taxtanın satış qiymətinin 60 -70 faiz artmasının səbəbinə gəlincə, ekspert bildirdi ki, Rusiyada kobud emal olunmuş bir sıra ağac növlərinin ixracına qoyulan rüsumun məbləği artıb. Bu hal da qiymətə təsir edib: “Gömrük rüsumları, istehlakçıya çatdırılması və s. məqamları nəzərə alsaq, Azərbaycanda orta hesabla taxtanın qiymətində 70 faizə yaxın artım var”.
Həmsöhbətimizin sözlərinə görə, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə start verilib: “Bu il üçün investisiya axını da gözlənilir. Bu da tikinti işlərinin həcminin artımına yol açacaq və inşaat materiallarına tələbat yüksək olacaq. Bu isə inşaat materiallarının qiymətini daha da bahalaşdıracaq”.
Günel CƏLİLOVA