Sığorta bazarımızda disbalans - cəmi 5 şirkət 90 faizə sahibdir, 19 şirkət kimə lazımdır...
İlkin İbrahimov: “Bu o demək deyil ki, ölkədə çoxsaylı sığorta şirkəti fəaliyyət göstərməməlidir”
Ötən il ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 222 milyon 537 min manat sığorta haqqı toplanıb. Yığılan sığorta haqlarının 810 milyon 558 min manatı və yaxud 66,3%-i “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.
Ən çox sığorta haqqı toplayan şirkətlərin ilk beşliyini 116,4 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 89,7 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta”, 38,7 milyon manatlıq yığımla “Meqa Sığorta” və “Meqa Həyat Sığorta”, 34 milyon manatlıq yığımla “Xalq Sığorta” və “Xalq Həyat Sığorta” şirkətləri tamamlayır.
Bir sözlə, ən çox sığorta haqqı toplayan şirkətlərin sayı 5-dir. Sığorta bazarının 90%-i və yaxud 1 milyard 89,4 milyon manatı adları qeyd olunan 5 şirkətin payına düşür. Ən az sığorta haqqı toplayan şirkət isə 4,9 milyon manatlıq yığımla “Bakı Sığorta” olub.
Madam sığorta yığımlarının əsas hissəsi 5 şirkətin payına düşür, o zaman ölkədə bir belə sığorta şirkətinə nə ehtiyac var? Qeyd edək ki, hazırda Azərbaycanda 19 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.
“Müştəri xidmətləri ilə bağlı monopoliya yaranarsa, bazarda yalnız 5 sığorta şirkəti olarsa, sıxlıq yaranacaq”
Sözügedən məsələyə aydınlıq gətirən sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Bu məsələ ilə bağlı qeyd etmək istərdim ki, sığorta yığımları ölkəmizdə ötən illərə nisbətən hər il dinamik olaraq ortalama 20-25 faiz artır. Bu il də ötən ilə nisbətdə 25-26 faiz artım görünür. Yəni ilk dəfə olaraq sığorta yığımları 1 milyard manatı keçib. Göründüyü kimi, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri daha çox yığım həyata keçirir. Bu şirkətin ölkədə bazar payı 60 faizi keçir. Ancaq bu o demək deyil ki, ölkədə çoxsaylı sığorta şirkəti fəaliyyət göstərməməlidir. Nəyə görə sığorta şirkətlərinin çoxluğu lazımdır? Birincisi, bu, vətəndaşların seçim imkanını artırır. Vətəndaşa hansı sığorta şirkəti sərfəlidirsə, ona üstünlük verir. İkincisi, müştəri xidmətləri ilə bağlı monopoliya yaranarsa, bazarda yalnız 5 sığorta şirkəti olarsa, sıxlıq yaranacaq. Bu zaman vətəndaşlara göstərilən xidmət səviyyəsi aşağı düşəcək və təktərəfli olaraq işlər görüləcək. Ona görə də sığorta şirkətlərinin sayı nə qədər çox olsa, o qədər vətəndaşa göstərilən xidmətin keyfiyyəti yaxşı olar. Digər tərəfdən məhsul bolluğu yaranacaq. Elə şirkətlər var ki, ixtisaslaşıb. Məsələn, biri avtonəqliyyat üzrə, digəri daşınmaz əmlak sahəsi üzrə, başqa birisi həyat, sağlamlıqla bağlı tibbi sığorta üzrə fəaliyyət göstərir. Deməyim odur ki, müxtəlif sığorta şirkətlərində, müxtəlif cür xidmətlər göstərir. Ona görə də sığorta şirkətləri nə qədər çox olsa, xidmət səviyyəsi də bir o qədər yaxşı formada olacaq. Ən əsası da bu, sığorta bazarında rəqabətə gətirib çıxaracaq”.
Vidadi ORDAHALLI