Türkiyə sərhədində "erməni-fransız fitnə yuvası" - yeni layihə...
İbrahim Rüstəmli: “Bu, həm də Fransanın özünün və Ermənistanın daxili auditoriyasına aid etdiyi bir məsələdir”
Ermənistanın Gümrü şəhərində “Fransız Luyları” assosiasiyasının nəzdində “Ermənistan-Fransa Psixoloji və Sosial Dəstək Mərkəzi” rəsmən öz qapılarını açıb.
Erməni mediasının məlumatına görə, 44 günlük müharibədən sonra yaradılan assosiasiya Qarabağdan olan məcburi köçkünlərə müxtəlif xidmətlər göstərir - tibbi və psixolojidən tutmuş pulsuz yeməkxanaya qədər. Assosiasiyanın təsisçisi və prezidenti Levon Xaçatryan bunları deyib:
"Bizim ilk addımımız Fransadan tibbi avadanlıq və dərmanlar göndərmək oldu, sonrakı addım Stepanakertə həkim briqadası göndərmək oldu və ondan sonra demək olar ki, hər ay Ermənistana səfər etdik. Əsas məqsədimiz “Artsax” idi. Əvvəlcə assosiasiya yaratmaq fikrimiz yox idi. Lakin sonra anladıq ki, istədiyimizi həyata keçirmək üçün bunu etmək lazımdır. Rəsmi olaraq biz 2021-ci ilin fevralında Fransada yaranmışıq və sonra fəaliyyətimiz bizi Gümrüyə gətirdi".
Bəllidir ki, 44 günlük müharibədən sonra Fransa və Ermənistana havadarlıq edən ölkələr müxtəlif missiyalar adı altında həmin ölkəyə öz hərbi kontingentini soxuşdurmağa çalışır. Erməni əsilli Fransa vətəndaşlarının yaratdığı bu təsisatın da əsl fəaliyyəti hərbi və kəşfiyyat məqsədləri üçün ola bilərmi? Nəzərə almaq lazımdır ki, təşkilat öz fəaliyyətini paytaxt İrəvanda deyil, Türkiyə ilə həmsərhəd olan və Rusiyanın hərbi bazasının yerləşdiyi Gümrü şəhərində aparır.
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra Azərbaycan üçün Qarabağ problemi bitdiyini xüsisi notlarla bildirib: “Bu istiqamətdə yarana biləcək hər hansı bir problemdə başqa dövlətlərin köməyinə ehtiyac duymur. Azərbaycan kifayət qədər siyasi və iqtisadi bazaya malik inkişaf etmiş bir dövlətdir, öz problemini öz sərhədləri çərçivəsində həll etməyə qadirdir. Ancaq buna baxmayaraq, bir sıra ölkələr, bir müddət İran, sonra Rusiya, Fransa, Amerika, Avropa və Qərb dövlətləri bu məsələlərdə bir növ Azərbaycanın əleyhinə mövqe sərgiləməklə, ilk növbədə Cənubi Qafqazda gözləri olduğunu nəzərimizə çatdırmaq istəyirdilər. Sular durulduqca, qaranlıq mətləblər aydınlaşdıqca Fransa kimi dövlətlərin mövqeyi tam üzə çıxır. Bu gün Cənubi Qafqazda birmənalı şəkildə mövqe savaşı gedir. Avropa Şurasının xeyli sayda üzvü müşahidə qrupu qismində Cənubi Qafqazda yerləşdirilib. Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu təşəbbüsün müəllifi Fransadır. Oradakı müşahidə qrupunun üzvlərinin böyük əksəriyyəti kəşfiyyatçılardan, xüsusi xidmət orqanları əməkdaşlarından ibarətdir. Bütün bunların missiyası mövcud vəziyyəti öyrənmək, Azərbaycan tərəfindən yaradılmış yeni geosiyasi reallıqlara qiymət vermək, yenidən Qarabağ məsələsini qabartmaq, Cənubi Qafqazı yenidən qan gölünə çevirməkdir. Ondan əvvəl də Fransanın Xankəndidə 500 nəfərdən ibarət sülhməramlı missiya yerləşdirmək fikri vardı. Bu çox təhlükəli niyyət idi. Orda da xüsusi xidmət orqanlarının əməkdaşlarının yerləşdirilməsi nəzərdə tutulurdu. Əgər bu baş versə idi, Azərbaycan üçün çox ciddi problem yarana bilərdi. Başda Azərbaycan prezidenti, Türkiyə prezidenti olmaqla biz bu təhlükənin qarşısını aldıq. Həm Rusiya, həm İranla müəyyən məsələləri müzakirə etdikdən sonra ortaq nöqtəyə gəlib çıxdıq. Nəticədə Fransanın bu arzusu da gözündə qaldı. İndi də Fransanın əsas məqsədi Qarabağda vəziyyəti yenidən gərginləşdirmək, revanşist, separatçı qüvvələri dirçəltmək, Qarabağ məsələsinin gündəmə gəlməsinə nail olmaq və onları Qarabağda yerləşdirməkdir. Ümumiyyətlə, bu missiya Fransa hakimiyyətinin Azərbaycana münasibətdə yeridilən ideologiyanın sərhədlərimizə doğru etap olunması deməkdir. Ona görə də, Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, ölkəmiz öz süverenliyini qorumaq üçün bundan sonra da əlindən gələni edəcək, öz ordusunu daha da möhkəmlədəcək. Fransanın belə yüngül addımları heç bir nəticə verməyəcək. Bu, həm də Fransanın özünün və Ermənistanın daxili auditoriyasına aid etdiyi bir məsələdir. Fransa öz varlığını unutdurmaq istəmir. Məqsəd Azərbaycan və Türk dünyasına qarşı öz klassik mövqeyini qorumaqdır. Ancaq bunların heç bir nəticəsi olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ