Tehranın ABŞ və İsrailə qarşı husilərə silah və kəşfiyyat dəstəyi verdiyi təsdiqləndi - koordinatları İran verir, husilər vurur…
İsrail-Həmas müharibəsi ilə birlikdə bölgədə hücumlarını artıran Livan Hizbullahı və Yəmən husilərinin İran tərəfindən maliyyələşdirildiyi regional mənbələr tərəfindən təsdiqlənib. İran əvvəldən Hizbullah və husiləri dəstəkləmədiyini iddia etsə də, regional mənbələr Böyük Britaniyanın “Reuters” xəbər agentliyinə bunun tam əkssini söyləyiblər.
Dörd regional mənbə və iki İran mənbəsi İran İnqilab Keşikçiləri Korpusunun və Livandakı Hizbullah təşkilatının komandirlərinin Qırmızı dənizdə Yəmən husilərinin gəmilərə hücumlarını idarə və nəzarət etdiyini bildiriblər.
Regional mənbələr husiləri silahlandıran, təlim keçən və maliyyələşdirən İranın, Qəzzada Həmas ilə İsrail arasında baş verən müharibədən sonra təşkilata silah tədarükünü artırdığını bildirib.
Mənbələr vurğulayıblar ki, İran husilərə yüksək texnologiyalı pilotsuz uçuş aparatları, gəmi əleyhinə raketlər, ballistik və orta mənzilli raketlər verib.
Husilər Qəzzada fələstinlilərlə həmrəylik nümayiş etdirmək üçün noyabr ayında Qırmızı dənizdə ticarət gəmilərini hədəfə almağa başlayıblar.
Bütün mənbələr İran İnqilab Keşikçiləri Korpusunun komandirlərinin Qırmızı dənizdə hərəkət edən hansı gəminin İsrailə doğru hərəkət etdiyini müəyyən etmək və husilərin hədəflərini müəyyən etmək üçün təşkilata texniki və kəşfiyyat dəstəyi də göstərdiyini bildirib.
Vaşinqton keçən ay İranın Qırmızı dənizdə hücumların planlaşdırılmasında böyük rol oynadığını və İranın verdiyi kəşfiyyat məlumatlarının husilərin gəmiləri hədəf alması üçün həyati əhəmiyyət daşıdığını açıqlamışdı. Husi sözçüsü Məhəmməd Əbdülsəlam isə İran və ya Hizbullahın Qırmızı dənizdəki hücumların planlaşdırılmasında hər hansı əli olduğunu təkzib edib. Hizbullah sözçüsü isə bununla bağlı sualları cavablandırmaqdan imtina edib.
Tahir TAĞIYEV