Şirkətlər ölkədaxili yük daşıyan avtomobilləri sığortalamaq istəmir... Niyə?
Vüsal Bədəlov: “Bəzi yüklərin daşınma risqi çox yüksək olduğundan, əksər şirkətlər onları sığortalamaqdan imtina edir”
Yük maşınlarının yollar üçün yaratdığı problemlər tükənmək bilmir. Vaxtaşırı gündəmə gətirilən məsələlərdən biri də ağır yük maşınlarının hərəkəti nəticəsində yollara dəyən ziyandır.
Bir sıra hallarda maşınlar o qədər yüklənir ki, daşıqdıqları yüklərdən hissələr yollara dağılır. Bu günlərdə içərisində tonlarla süd olan maşında problem yaranıb və süd yola dağılıb. Təbii ki, bu haldan əziyyət çəkən sahibkar olur. Çünki sığorta şirkətləri ölkə daxilində yük daşıyan nəqliyyat vasitələrini sığortalamaqda maraqlı deyil.
“Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil, bu, könüllü sığorta növü olduğundan həm şirkətlər, həm də yük sahibləri bəzən buna biganə yanaşır”
Sığorta eksperti Vüsal Bədəlov bildirdi ki, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Bu, könüllü sığorta növü olduğundan həm şirkətlər, həm də yük sahibləri bəzən buna biganə yanaşırlar. Amma beynəlxalq təcrübədə yüklərin sığortalanmasına xüsusi önəm verilir: “Yük sahiblərinin tələbi ilə yükdaşıma şirkətləri bu məsələni daha da aktuallaşdıra bilərlər. Onlar bu sahəyə diqqəti yönəltməlidir ki, maraq artsın. Məlumdur ki, yükdaşıma şirkətləri hər hansı bir məhsulun daşınması ilə məşğul olur. İl ərzində və bir neçə ildən sonra baş verən bir hadisə həmin yükdaşıma şirkətinin o illər ərzində əldə etdiyi sərmayənin itməsinə səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, tərəflər arasında bağlanan müqavilə şərtlərinə əsasən yüklərə təminat verilir: “Oğurluq, qaçırılma, yol nəqliyyat hadisəsi zamanı məhsulun aşması, dağılması, ümumiyyətlə, məhsul yararsız hala düşərsə sığorta şirkəti təminat verir. Bəzi yüklərin daşınma risqi çox yüksək olduğundan, əksər şirkətlər onları sığortalamaqdan imtina edir. Təminat verilməyən yüklər arasında daha tez alışan maddələr, maye halında olan xammal nəzərdə tutulur. Sığorta haqqı isə yüklərin risqlilik dərəcəsindən, daşındığı ərazidən və məsafədən asılı olaraq dəyişir”.
Günel CƏLİLOVA