Paşinyan tam yeni konstitusiya istəyir - delimitasiyaya Ədliyyəni niyə qatır?..
Mehman Muradlı: “Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq”
Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanın öz demokratik "legitimliyini" və həyat qabiliyyətini təmin etmək üçün konstitusiya islahatına yox, büsbütün yeni konstitusiyaya ehtiyacı var.
Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən iclasda növbəti konstitusiyanın Ermənistanı yeni geosiyasi şəraitdə daha rəqabətli və həyat qabiliyyətli etməli olduğunu bildirib: "Şübhə doğurmamaq üçün Ermənistan Respublikasında Ermənistan Respublikası xalqının səs verəcəyi konstitusiya olmalıdır. Bu həm də legitimlik üçün mühümdür".
Paşinyan yeni konstitusiyanın hazırlanması və qəbulu üçün vaxt çərçivəsi təklif etməsə də, "şübhə doğurmasın" deyə, ictimaiyyət tərəfindən səsverməyə qoyulmalı olduğunu deyib.
Baş nazir əlavə edib ki, o, parlament idarəetmə sistemini dəstəkləyir və onu Ermənistan üçün ən uyğun hesab edir.
Paşinyan bildirib ki, Ədliyyə Nazirliyi delimitasiya prosesinə cəlb edilib.
Yeni konstitusiya onun nəyinə lazımdır və Ədliyyə Nazirliyinin delimitasiya prosesinə niyə qatır?
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Konstitusiyası 1995-ci ildə qəbul edilib: “2005 və 2015-ci illərdə konstitusiyada iki dəfə dəyişiklik edilib. İkinci düzəlişdən sonra ölkə yarı-prezident idarəçiliyindən parlament idarə üsuluna keçib.
2018-ci il inqilabı fonunda ölkəyə rəhbərlik edən Paşinyan 2021-ci ildə keçmiş hakim elitanı devirən parlament sistemini təkmilləşdirməyə çalışan Konstitusiya İslahatları Şurası yaradıb.
Paşinyanın populyarlığı əsasən də 2020-ci il İkinci Dağlıq Qarabağ müharibəsində məğlub olması və 2023-cü ildə Azərbaycanın Qarabağı hərbi yolla azad etməsi ilə əlaqədar son illərdə kəskin şəkildə aşağı düşüb. Yeni Konstitusiya islahatlarına razılaşmaqla sadəcə radikal rəqiblərini zəiflətmək istəyir. İslahatlar məşğul olacaq şuranın təsisi və yekun sənədin hazırlaması ilə xeyli vaxt aparacaq. Bu zaman kəsiyində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan 2021-ci il martın 1-də keçirilən mitinqdə mövcud Konstitusiyada böhranın idarə olunması zamanı xüsusilə özünü büruzə verən bir sıra çatışmazlıqları açıqlamışdı. O, həmçinin bəyan edib ki, Konstitusiyaya dəyişikliklərin, o cümlədən yarım-prezident idarəetmə sisteminə keçidin mümkünlüyünü müzakirə etmək lazımdır.
Bundan əvvəl Ədliyyə Nazirliyinin rəhbəri Qriqor Minasyan bildirmişdi ki, konstitusiya islahatlarının yeni konsepsiyası ilin sonuna qədər hazır olacaq. O, həmçinin bildirib ki, Ermənistan parlamentli idarəetmədən yarı-prezident idarəetmə formasına keçməyəcək. Mövcud Konstitusiyada qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bəndlər var.
Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq.
Ədliyyə Nazirliyinin delimitasiya prosesində iştirakı isə müəyyən sənədləşmə işləri ilə bağlı ola bilər”.
Məhəmmədəli QƏRİBLİ