Bakı məktəblərində dərslər saat 9-da başlasa, nə baş verər ki...
Kamran Əsədov: “I sinfə gedənlər 3 saat dərs keçir, bu müddət uzun olmadığına görə, dərslər saat 09:00-da da başlaya bilər”
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayev aşağı sinif şagirdləri üçün dərslərin saat 08:00-də yox, 09:00-da başlamasını təklif edib.
Qeyd edək ki, dərslərin saat 8-də başlaması 6 yaşında birinci sinfə gedən şagirdlərə pis təsir edir. Belə ki, valideynlərin çoxu məhz birinci sinfə gedən uşaqlarına görə narahatdır. Səbəb də odur ki, dərslər saat 8-də başlayır.
Maraqlıdır, dərslər 09:00-da başlaya bilər? Dərslərin sözügedən saatda başlaması şagirdlərə necə təsir edəcək?
“Təhsil haqqında qanunvericilik aktlarına görə, hazırda orta məktəblərdə, I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərslərin konkret hansı saatda başlaması ilə bağlı reqlament yoxdur”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dərs saatı keyfiyyət baxımından çox önəmlidir: “Dərs saatının müddəti uşağın zehni qavraması və inkişafı baxımından da çox önəm daşıyır. Şagirdin tələblərə cavab verməsi üçün dərs saatının müddəti önəmli amildir. Qərb ölkələrində şagirdlər təhsilin idarəçiliyində ayrılmaz vasitəçidirlər. Burada şagirdlər sanki rəhbərlik statusundadırlar. Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, həmin ölkələrdə məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir. Dərslər saat 9:00-da başlayıb, 16:00-da bitir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bundan başqa, müəllim gün ərzində 30-40 dəqiqəlik fasilələrlə maksimum 5 saat dərs deyə bilər. Bir müəllimin gün ərzində 5 saatdan çox deyəcəyi dərs keyfiyyətli hesab olunmur”.
Ekspert onu da əlavə etdi ki, I sinfə gedənlər 3 saat dərs keçirlər: “Bu müddət uzun olmadığına görə, dərslər saat 09:00-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq ola bilər. Təhsil haqqında qanunvericilik aktlarına görə, hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. Yəni məktəblər bu saatları ETN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində bu amilləri nəzərə almaqla, dərslərin bir qədər geç başlanması mümkündür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, uşaqlar səhər saatlarında yuxudan oyanmaq və dərsə gəlməkdə çətinlik çəkir: “Hesab edirəm ki, şəhərin nəqliyyatın sıx ərazilərində yerləşən ali təhsil müəssələrində də dərslər 09:00-da, bəzilərində isə saat 10:00-da başlamalıdır, musiqi və ifaçılıqla bağlı təhsil müəsisələrində isə dərslərin daha gec – saat 10:30 və saat 11:00-da başlanması uyğun olar”.
Günel CƏLİLOVA