Pakistan İrandakı səfirini geri çağırdı
Pakistan İrandakı səfirini geri çağırmaq qərarına gəldiyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, ötən gecə İran tərəfindən Pakistanın suverenliyinin əsassız və açıq şəkildə pozulması beynəlxalq hüquq və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin pozulması anlamına gəlir.
Bəyanatda bildirilir ki, bu qanunsuz hərəkət qəbuledilməzdir və heç bir əsası yoxdur.
"Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Nəticələrə görə məsuliyyət tamamilə İranın üzərinə düşəcək".
Pakistanın İrandakı səfirini geri çağırmaq qərarına gəldiyi və hazırda İranda səfərdə olan İranın Pakistandakı səfirinin hələlik geri qayıda bilməyəcəyi İran tərəfinə bildirilib.
"Biz, həmçinin, yaxın günlərdə Pakistan və İran arasında davam edən və ya planlaşdırılan bütün yüksək səviyyəli səfərləri dayandırmaq qərarına gəldik”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.