İran ordusu ABŞ-ı vurdu - Ərbildəki ABŞ konsulluğu, “Mossad”ın qərargahı da bombalandı...
İraqın Ərbil şəhərinin bir çox nöqtəsinə gecə saatlarında raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumları olub. ABŞ-ın Ərbildəki Baş Konsulluğu və Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiya bazası başda olmaqla bir çox bölgədə partlayış səsləri eşidilib. Hücumlara görə məsuliyyəti İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) öz üzərinə götürüb.
SEPAH bölgədəki "anti-İran terror qruplaşmalarının və casusların qərargahını ballistik raketlərlə vurduğunu" açıqlayıb.
İran məsələ ilə bağlı verdiyi ikinci yazılı açıqlamada bölgədəki terrorçu qrupların və casusların qərargahlarına ballistik raketlərlə hücumları çərçivəsində İraqın Ərbil şəhərindəki İsrailin xarici kəşfiyyat təşkilatı “Mossad”ın qərargahını da ballistik raketlərlə vurduğunu iddia edib.
Hücum nəticəsində dörd mülki şəxs ölüb, altı nəfər yaralanıb. Amerikalı hərbçilər və diplomatlar arasında isə itki yoxdur.
İraqda kürd muxtariyyətində yerləşən ABŞ bazalarına hücumdan sonra İranın Bağdaddakı müvəqqəti işlər vəkili Əbu əl-Fədl Əzizi İraqın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Nazirliyin bəyanatında Ərbilin bir neçə rayonunda mülki əhalinin ölümü, dövlət və şəxsi əmlaka zərər dəyməsi ilə nəticələnən hücum qətiyyətlə pislənir. İraqın xarici siyasət idarəsi hücumu ölkə suverenliyinin kobud şəkildə pozulması hesab edir və mehriban qonşuluq prinsiplərinə zidd olduğunu bildirir.
Tahir TAĞIYEV