Türkiyə ordusu Suriyada terrorçuları maliyyələşdirən Fransa şirkətini bombaladı...
Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar Suriyada Fransanın “Lafarge” şirkətinə məxsus obyekti vurub. Terror təşkilatı PKK-nı Türkiyə sərhəddində sement, beton və gips kimi materiallarla təmin edərək terrorçulara mövqelər qurmağa şərait yaradan “Lafarge”nin Suriyadakı obyekti böyük ölçüdə yararsız hala salınıb.
Türkiyə sərhədi ilə M4 şosesi arasındakı ərazidə fəaliyyət göstərən “Lafarge” şirkətinin vurulan obyektinin görüntüləri yayılıb. Yanğınsöndürmə briqadasının söndürmə işləri zamanı Türkiyə İHA-nın yanğınsöndürmə briqadasına heç bir zərər vermədən onların düz yanındakı daha bir obyekti bombalaması da kameralara düşüb.
Suriyada PKK/YPG tərəfindən Fransanın “Lafarge” sement şirkətinin köməyi ilə çoxlu tunellər inşa edilib. İraqın şimalında 9 türk əsgərinin şəhid olduğu terror aktında hərbi bazaya sızmağa cəhd edən terrorçuların da məhz həmin tunellərdən istifadə etdiyi bildirilir.
Qeyd edək ki, Fransanın "Lafarge" sement zavodu terror təşkilatı İŞİD-ə yardım etdiyini bir müddət əvvəl etiraf edib. ABŞ-da aparılan işdə “Lafarge” ümumilikdə 777 milyon dollar cərimə olunub. İŞİD tərəfindən öldürülənlərin ailələri də Fransa şirkətini məhkəməyə verib.
Tahir TAĞIYEV