Seçkidə ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma komissiyası yaradıldı - Vaxtı müəyyənləşdi
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılması, püşkatma yeri və vaxtının müəyyən olunması məsələsi müzakirə olunub.
Trend-in xəbərinə görə, məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması 2024-cü il yanvarın 15-i başlanılır və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.
Rövzət Qasımov nəzərə çatdırıb ki, İctimai Televiziyada həftəlik 3 saat ödənişsiz vaxt verilməlidir: “MSK-nın müraciəti əsasında adətən, bundan 2 dəfə çox – 6 saat vaxt verilir. Bu il də bununla bağlı müvafiq olaraq müraciət ediləcək. Prezidentliyə namizədlərlə dünən görüş keçirilib, ödənişsiz efir vaxtı dəyirmi masa formatında olacaq. İctimai Televiziyada ödənişsiz efir vaxtı həftənin bazar ertəsi, çərşənbə və cümə günləri 1 saat olmaqla, saat 21.00-da başlayacaq”.
Növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşatma komissiyası yaradılıb. Komissiyanın üzvləri MSK üzvləri Qabil Orucov, Fuad Cavadov, Almaz Qəhrəmanlı və MSK-nın Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli olub.
Püşkatma yanvarın 15-də saat 14.00-da MSK-nın binasında keçiriləcək.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
- İctimai Televiziya və Radio Yayımları Şirkəti;
- "Azərbaycan” qəzeti;
- "Xalq qəzeti”;
- "Respublika” qəzeti;
- "Bakinski raboçi” qəzeti.
Xatırladaq ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır:
- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.