Yumurta 12 qəpiyə xaricə, 16 qəpiyə özümüzə satılır - Niyə?..
Akif Nəsirli: “Pərakəndə satışla topdansatışın fərqi olmalıdır”
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycandan xarici ölkələrə 40 milyon 985 min ədəd toyuq yumurtası ixrac olunub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda yer alıb. Məlumat üçün bildirək ki, Azərbaycandan ixrac olunan yumurtanın bir ədədinin gömrük dəyəri 7 sent (12 qəpik) olub.
Müqayisə üçün bildirək ki, daxili bazarda satılan toyuq yumurtasının 1 ədədinin qiyməti 16 qəpiyə bərabərdir. Açıqlanan məlumatdan belə nəticəyə gəlmək olur ki, daxili bazarda satılan yumurtanın qiyməti xaricə satılan yumurtanın qiymətindən təxminən 33% bahadır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, pərakəndə və topdan satış arasında fərq var. Yumurtanın bir ədədinin dəyəri 12 qəpik olsa da, o məsafə qət etdikcə üzərinə əlavə xərc gəlir. Bu xərclər də satış qiymətinə təsir edir: “Məlumat üçün deyim ki, hazırda Rusiyada yumurtanın bir ədədi təxminən 35-40 qəpiyə satılır. Xarici ölkələrə yumurta ixrac olunduğu üçün bir ədədinin qiyməti 12 qəpik təşkil edir. Pərakəndə satışla topdansatışın fərqi olmalıdır. Bu gün marketlərdə 16 qəpiyə təklif olunan adıçəkilən məhsul elə istehsalçıdan 12 qəpiyə alınıb”.
Günel CƏLİLOVA