Sığorta şirkətlərinin vətəndaşlara özbaşına təzyiqləri yenə başladı - zənglərə ara verilmir...
Anar Həsənov: “Yerli icra hakimiyyəti orqanları cərimə tətbiq edə bilərlər, lakin onlar bunu etmirlər”
Son günlər Azərbaycanda daşınmaz əmlakın icbari sığortası məsələsi yenidən gündəmə gətirilib. Artıq sığorta şirkətlərindən telefonlara müqavilə bağlamağa çağırış edən mesajlar və xəbərdarlıqlar gəlməyə başlayıb.
Qeyd edilir ki, vətəndaş mənzilini sığorta etməsə o müəyyən məbləğdə cərimə olunacaq. Təbii ki, bu tip mesaj və ya xəbərdarlıqlar insanları narahat etməyə başlayıb.
Məlumat üçün bildirək ki, yanğın, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. sığorta hadisəsi hesab olunur. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla, qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.
Onu da qeyd edək ki, “İnzibati Xətalar Məcəlləsi”nin 469-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.
“Ev, mənzil, qeyri-yaşayış sahəsi və s. fərqi yoxdur, hər biri sığortalanmalıdır, təəssüf ki, əksər vətəndaşlar bunu etmir”
Sığorta eksperti Anar Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vətəndaşların əmlakının icbari sığortası barədə qanunvericilik 2021-ci ildə qəbul olunub: “Bu qanunvericilik əmlakın icbari sığortalanmasını özündə ehtiva edir. Vətəndaş öz əmlakını sığortalamağa məcburdur. Bu da onu göstərir ki, mənzilini sığorta etməyən şəxslər cərimələnəcək. İcbari sığortanın məbləği Bakı şəhəri üçün 50 manat, digər şəhərlər üçün 40 manat, rayonlar üçünsə 30 manatdır. Bakı şəhəri üzrə 50 manat ödəyən mənzil sahibi 200 manat məbləğində Franşiza olunur. Yəni, daşınmaz əmlaka hər hansı bir səbəbdən dəyən zərərin məbləği 250 manata qədərdirsə, sığorta şirkəti tərəfindən azad olunur. Əgər dəyən zərər bu məbləğdən yüksəkdirsə, ödənilir. Daşınmaz əmlakını vaxtında sığorta etməyən şəxslər üçün cərimələr nəzərdə tutulub. Bu zaman vətəndaş 30 manat məbləğində cərimə olunur. Bundan sonra 20 gün müddətində sığorta olunmasa, yenidən 30 manat cərimə olunur. Bu proses hər 20 gündən bir yenilənə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ev, mənzil, qeyri-yaşayış sahəsi və s. fərqi yoxdur, hər biri sığortalanmalıdır. Təəssüf ki, əksər vətəndaşlar bunu etmirlər. İndiyə kimi buna görə heç kim cəzalandırılmayıb. Yerli icra hakimiyyəti orqanları cərimə tətbiq edə bilərlər, lakin onlar bunu etmirlər: “Ümumiyyətlə, sığortalanma hər il olmalıdır. Əksər vətəndaşlar sığorta prosesindən yayındığı üçün cərimələmə də olmur. Bu məsələ ilə bağlı maariflənməyə böyük ehtiyac var”.
Günel CƏLİLOVA