Şəhid Cavadın qəhrəmanlıq dastanı...
1996-ci ildə Masallı şəhərində anadan olan Cavad Cabir oğlu İbadov özünü dərk edən gündən Vətəni hər şeydən üstün bilib. Onun müqəddəsliyinə tapınmaqla əsgərlik yaşına çatıb. 2014-ci ildə Azərbaycan Ordusunda hərbi xidmətə gedib.
Cəbhə bölgəsində Vətənin keşiyində duran Cavad xidmət zamanı fəallığı, nizam-intizamı ilə zabitlərin, əsgərlərin hörmətini qazanıb. Komandirlərin verdiyi tapşırıqlarıni vaxtında, dəqiq yerinə yetirib, təlimlərdən üzüağ çıxıb. Həmçinin Vətənə canını fəda etməyə hər an hazır olması sanballı davranışdan bilinib. Bir də deyib ki, ən böyük arzum cənnət məkan yurd yerimiz Qarabağı işğaldan azad görməkdir. Bu yolda son nəfəsədək düşmənlə vuruşmaq, o yerlərdə üç rəngli qələbə bayrağımızı ucaltmaq mənə şərəf işidir. Ali Baş Komandanın əmrini gözləyirəm, döyüşə birinci gedırəm.
Cavad həqiqi hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq «N» saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE kimi qulluq edib. Bu da ən çox Cavadın nifrət bəslədiyi erməni dığalardan qisas almaq istəyindən irəli gəlib. Cəsurluğu, vətənpərvərliyi adəti üzrə nümunəvi hərbiçi kimi ona ehtiram, inam gətirib. Məqamı yetişəndə yağıya göz dağı olmaq üçün bütün təlimlərdə xüsusi peşəkarlıq nümayiş edib.
Bəli, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cavad İbadov Vətənə olan sevgisini göstərib. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi başlanan günü ön sırada olmaqla ölüm-dirim savaşında düşmənə sarsıdıcı zərbələr endirib. Xüsusən də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yağıya qan uddurub, xeyli sayda canlı qüvvəsini, döyüş texnikasını məhv edib. Həmçinin igidliyi, mərdliyi onunla çiyin-çiyinə döyüşən əsgərləri də qələbəyə doğru aparıb. 16 oktyabr isə Cavadın Vətən yolunda şəhidlik zirvəsinə ucalan gün olub. Bununla da qisa ömür yolunda göstərdiyi hünərlə gələcək nəsilləri üçün örnək olacaq bir tarix yazmaqla əbədiyyət ulduzuna çevrilib.
Bitib-tükənməyən Vətən məhəbbəti Cavad İbadova ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Cəbrayilın, Xocavəndin və Kəlbəcərin azadlığına görə medallarını qazandırıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü