Rusiyadan qoyun idxalının say artımı əti bahalaşdırır...
Akif Nəsirli: “Ölkəyə xırda buynuzlu heyvanların idxalı genişlənsə də, bu, ölkə daxilində azalan istehsalın yerini doldurur”
Rusiyadan Azərbaycana gətirilən qoyunların sayı 6 dəfə artıb. Belə ki, ötən ilin ilk 10 ayında Azərbaycana xaricdən 312 min 933 baş qoyun gətirilib. İdxal olunan bir baş qoyunun orta qiyməti 77 dollar (132 manat) olub.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal olunan qoyunların sayı təxminən 2 dəfə (144 min 966 baş) artıb. Azərbaycan qoyunları əsasən Gürcüstan və Rusiyadan idxal edib. Gürcüstandan gətirilən qoyunların sayı 42%, Rusiyadan gətirilən qoyunların sayı isə 6,4 dəfə artıb. Türkiyədən idxal olunan qoyunların sayı isə 3,5 dəfə azalıb.
Maraqlıdır, ölkəyə xırda buynuzlu heyvanların idxalı artdıqca nəyə görə ətin qiyməti bahalaşır? Onu da qeyd edək ki, son olaraq quzu ətinin kiloqramının 20 manata qədər artdığı haqqında məlumat yayılıb.
“İşğaldan azal edilən ərazidə iri-xırda buynuzlu heyvanların saxlanması üçün işlər görülür, görülən işlər qısa müddətdə bəhrə versə, bir il sonra ölkəmizdə ətin qiymətinin ucuzlaşmasının, sabitləşməsinin şahidi ola bilərik”
Liberal İqtisadçılar Mərkəzinin sədri, aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəyə xırda buynuzlu heyvanların idxalı genişlənsə də, bu, ölkə daxilində azalan istehsalın yerini doldurur. Bu səbəbdən də idxal hesabına hazırki şəraitdə Azərbaycanda ətin qiymətinin ucuzlaşması mümkün görünmür. İdxal prosesində çəkilən yol xərci və digər məsrəflər istər-istəməz ətin satış qiymətinin bahalaşmasına təsir edir.
Həmsöhbətimiz onu da əlavə etdi ki, idxal ət hələ bazarlara çıxarılmır. İstehlak olunan ət yalnız yerli məhsuldur: “Qəssabxanalarda Rusiyada gətirilən ət yoxdur. İdxal ətlər əsasən çoxsaylı heyəti olan müəssisələrdə hazırlanan yeməklərdə istifadə olunur. Məsələn, turmə, hərbi hissə, pansionat və digər çoxsaylı şəxsi heyəti qidalandıran müəssisələrdə həmin ətlərdən istifadə olunur. Məlumat üçün deyim ki, əvvəllər bu tip müəssisələrdə istifadə olunan ətin bir hissəsi idxal, qalanı isə yerli istehsal hesabına təmin olunurdu. Ancaq indi yerli ətin istehsalı azaldığı üçün bu tip müəssisələrdə idxal olunan ətlərdən istifadə olunur”.
A.Nəsirli bildirdi ki, daxildə ət istehsalının azalması qiymətə təsir edir: “Onu da deyim ki, işğaldan azal edilən ərazi heyvandarlıq üçün münbit şəraitə malikdir. Həmin ərazidə heyvandarlığın inkişaf etdirilməsi üçün lazımi şərait yaradılır. Işğaldan azal edilən ərazidə fermalar tikilir, iri-xırda buynuzlu heyvanların saxlanması üçün işlər görülür. Heyvandarlıqla məşğuliyyət genişləndirilir. Görülən işlər qısa müddətdə bəhrə versə, biz bir il sonra ölkəmizdə ətin qiymətinin ucuzlaşmasının, sabitləşməsinin şahidi ola bilərik”.
Günel CƏLİLOVA