QHT-lər Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib. Forumun yekununda QHT-lərin təşəbbüsü ilə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəfər günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlanıb. Müraciət mətnini “Zəfər” Şəhid Ailələrinə Dəstək” İB-nin sədri Sevinc Alızadə oxuyub.
Müraciətdə deyilir: “İlk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər gününü respublikanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd edir. Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş həyəcanı, sevinci, bəxtiyarlığı içərisindəyik. Siz Azərbaycan xalqını ən böyük arzusuna çatdırmış milli lidersiniz. Nəyi, nə vaxt və necə etmək lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz. Qazanılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində başa gəldiyi göz qarşısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə aparırsınız, şöhrətini dünyaya yayırsınız. 20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız Sizə etibar edib”.
Müraciətdə o da deyilir ki, “Bu gün bütün Azərbaycanın üzü gülür. Bu gün şəhid övladlarının üzü gülür. Müstəqil Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Bu, Sizin xidmətiniz, Sizin əsərinizdir, cənab Prezident! Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır! Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan – Qərbi Azərbaycan torpaqları, doğma yurd yerləri heç vaxt bu qədər yaxın olmayıb. Bu gün hər bir azərbaycanlı həmin yerlərə də dönəcəyi günü gözləyir. Biz Sizin liderliyinizlə Qərbi Azərbaycana da gedəcəyik! Əmin ola bilərsiniz ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətinin yanında olacaq, Sizinlə olacaq! Yolunuz yolumuzdur, cənab Prezident! Zəfər bayramınız mübarək!”.