Qəhrəmanlıq salnaməsi yazanlardan biri - Ziya Zahid oğlu Gözəlov...
Ziya Zahid oğlu Gözəlov 44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərərək adını tarixə yazanda 19 yaşına yenicə girmişdi. Vətəninə olan sevgi, məqamı gələndə yolunda canından keçmək isə onun qanına ana südü ilə hopmuşdu.
Odur ki, İkinci Qarabağ müharibəsində gözünü qırpmadan özünü odun-alovun içinə atdı və Vətən uğrunda düşmənlə son nəfəsə qədər döyüşüb şəhidlik zirvəsinə yüksəldi. Nəticədə cismən aramızdan getsə də, mənən milyonların ürəyində özünə əbədi məkan qurdu. İndi Ziyanın adı hər dəfə Vətənlə bir çəkilir. Elə dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” və digər medalları da igid Vətən oğlunun örnək həyat yolundan bir nümunə olacaq.
Masallı rayonunun Kəlbəhüseynli kəndində dünyaya göz açan Ziya Zahid oğlu orta təhsilini başa vurub 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanır. Doğmalarına, dostlarına bildirir ki, Vətən bizim namusumuz, şərəfimizdir. Artıq yetər, onu düşmən tapdağında qoymaq olmaz...
Ziya əsgəri borcunu cəbhə bölgəsində şərəflə yerinə yetirməklə Vətəni göz bəbəyi kimi qoruyur, təlimlərdə fəal iştirak edir, ciddi sınaqlardan üzüağ, alnıaçıq çıxır. Eləcə də nizam-intizamı, cəsurluğu, Vətənə halal sevgisi Ziyaya sonsuz hörmət qazandırır. Bütün bunlarla bərabər Ziya hər an işğalçı düşməndən qisas alacağı günü gözləyir. 2020-ci il 27 sentyabrda həmin məqam yetişir. Vətən sevdalısı erməni dığalarla ölüm-dirim savaşına başlayır. Elə ilk gündən düşmənin kabusuna çevrilir və neçə-neçə döyüşdən zəfərlə çıxır. Füzuli rayonu və Suqovuşan uğrunda gedən ağır müharibədə erməni faşistlərə daha böyük itkilər verir. Doğma yurd yerlərimiz qarış-qarış yağıdan təmizləndikcə Ziyanın qollarına yeni güc gəlir. “Qələbə bizimlədir” deyib daim irəliyə can atan, yüksək döyüş məharəti göstərməklə düşmənə sarsıdıcı zərbələr vuran igid əsgər oktyabrın 8-də Ağdərə istiqamətində həyata keçirilən hücum zamanı şəhadətə ucalır. Masallı rayonunun Çaxırlı kənd məzarlığında canını yolunda fəda etdiyi, hər qarışını özünə əziz bildiyi torpağa tapşırılır...
Qəhrəman Ziya Vətən yolunda şəhid olmaqla doğma Azərbaycanımıza sədaqətli, ləyaqətli vətəndaşlığını sübut etdi. O, bizim qürur yerimiz və iftixar mənbəyimizdir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü