Mərkəzi Bankda 9 nəfər baş direktor vəzifəsi hansı zərurətə görədir?..
Əkrəm Həsənov: “Baş direktorların sayının artması Mərkəzi Bankın funksiyalarının artması ilə bağlıdır”
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub.
Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Mahmudzadə də baş direktor təyin ediliblər. Bununla da, qurumun baş direktorlarının sayı 9-a çatıb.
Maraqlıdır, Mərkəzi Bankda 9 baş direktorun olması hansı zərurətdən irəli gəlir? Adıçəkilən qurumda bu qədər baş direktorun olmasına ehtiyac varmı?
“Mərkəzi Bankın baş direktorlarının hər biri müxtəlif sahələrin kurasiyasını həyata keçirir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bankın idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Milli Məclis tərəfindən Prezident İlham Əliyevin təqdimatı ilə təyin olunan 9 nəfərdən ibarət olmalıdır. Məlumat üçün bildirim ki, hazırda Mərkəzi Bankın İdarə Heyəti 3 nəfərdən ibarətdir. Mərkəzi Banka təyin olunan və toplamda 9 nəfərdən ibarət olan baş direktorlar bizim bildiyimiz baş direktorlardan deyil. Onlar Mərkəzi Bankın rəhbər vəzifəli şəxsləri sayılmır. Mərkəzi Bankın baş direktorlarının hər biri müxtəlif sahələrin kurasiyasını həyata keçirir. Quruma yeni baş direktor kimi təyin olunan Rəna xanım haqqında onu deyə bilərəm ki, bu şəxs bank sahəsində olduqca nüfuzlu, təcrübəli və savadlı kadrdır. Sevindirici haldır ki, Mərkəzi Bankın yeni rəhbəri savadlı, təcrübəli və bank sahəsində öz sözünü deyən şəxsləri irəli çəkir və qiymətləndirir.
Onu da deyim ki, bu qayda yeni təqbiq olunmayıb. 90-cı illərdən bəri Mərkəzi Bankın bir neçə baş direktoru olub. Baş direktorların sayının artması Mərkəzi Bankın funksiyalarının artması ilə bağlıdır. Əvvəllər Mərkəzi Bank sırf bank nəzarəti ilə məşğul olurdu, ancaq indi qiymətli kağızlar bazarı, sığorta sektoru və digər sahələrə nəzarət edən rəhbər şəxslərin sayı da təbii olaraq artır”.
Həmsöhbətimiz hesab edir ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri qanuna uyğun şəkildə tam olmalıdır. Bu məsələ diqqətə götürülməlidir”.
Günel CƏLİLOVA