ATƏT İnstitutu 7 fevral seçkisini incələməyə başladı - obyektiv ola biləcəkmi...
Ramiyyə Məmmədova: “Güman edirəm ki, sözügedən təsisatın budəfəki mövqeyi əvvəlkilərdən xeyil fərqlənəcək”
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara dəvət göndərdiyi məlum olub.
Bu barədə XİN məlumat yayıb. Vurğulanıb ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.
Azərbaycana qarşı hər zaman qərəzli münasibətilə tanınan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub.
Bildirilib ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib. ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir. Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.
Azərbaycan dəvət etdi və onlar da gəlir. ATƏT DTİHB-nin seçkilərə obyektiv rəydə olacağını gözləmək olarmı və seçkiyə qatılmış siyası qüvvələr onları obyektivliyə necə dəvət etməlidirlər?
Politoloq Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizdə keçirilən bir çox seçkilərin azad, şəffaf və demokratik qaydada keçirilməsini prosesini izləyən çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiq edib: “Amma maraqlıdır ki, bütün digər beynəlxalq müşahidəçilərdən fərqli olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycandakı bu seçkilərə qeyri-obyektiv münasibətini ortaya qoyub. Belə ki, təşkilatın müşahidə missiyasının seçki ilə bağlı ilkin rəyində qeyri-obyektiv, qərəzli və reallığı əks etdirməyən fikirlərə yer verilir. Təəssüf doğuran odur ki, Avropa Parlamenti də qəbul etdiyi sənədlərdə ATƏT-in bu qurumunun rəyinə istinad edib.
Hesab edirəm ki, bu qurum artıq reallıqla barışıb, doğru monitorinq aparmalıdır. Çünki keçmiş tərcübələrindən də gördülər ki, qərəzli münasibət heç nəyi dəyişmir. Əksinə, onların özlərini hörmətdən salır. Seçkidə iştirak edən siyasi qüvvələr seçkinin nəticəsini rəsmən tanıyacaqlarsa, bu təsisatdan da qərəzli olmamağı tələb etməlidirlər. Güman edirəm ki, sözügedən təsisatın budəfəki mövqeyi əvvəlkilərdən xeyil fərqlənəcək. Çünki seçkinin favoritinin aşkar üstünlüyü hiss olunur. Onun qələbə gəlməsini ilə bağlı saxtakarlıq ittihamını irəli sürməyin özü gülünc görüləcək”.
Məhəmmədəli QƏRİBLİ