NATO rəsmisi İrəvanı alqışladı — erməni hakimiyyətindən dəstək gəldi…
İbrahim Rüstəmli: «Paşinyan hakimiyyəti Rusiyanın qurduğu KTMT-dən uzaqlaşmaqda qərarlıdır»
NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Havier Kolomina bəyan edib ki, Ermənistan hazırda Rusiyadan uzaqlaşır və NATO ilə daha sıx bağlar qurmağa çalışır:
«Ermənistan çox açıq şəkildə xarici siyasətində bəzi dəyişikliklər etmək, Rusiya ilə müəyyən məsafə saxlamaq qərarına gəlib. Biz bunu alqışlayırıq. Ermənistan vətəndaşları qərarlar qəbul etməkdə azaddırlar və onlar elə bunu qərara alıblar. Mənim nəzərimdə Ermənistan artıq bizə yaxınlaşmağa başlayıb. İndi Ermənistan NATO ilə daha çox əməkdaşlıq və dialoq istəyir».
Maraqlıdır ki, Ermənistanın hakim «Vətəndaş müqaviləsi» partiyasından deputat Arsen Torosyan Kolominanın dediklərini şərh edərkən buna müsbət yanaşıb: «Biz öz səmərəsizliyini nümayiş etdirmiş təhlükəsizlik arxitekturasının bir hissəsi olmuşuq və olmaqda qalırıq. İstənilən rasional suveren dövlət bundan nəticə çıxarmalı və öz təhlükəsizliyini təmin etmək üçün yeni alətlərdən istifadə etməlidir».
«Hərbi təşkilatı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edirsə, deməli hansısa məqsədi var»
Sözügedən məsələni «Bakı-Xəbər”ə şərh edən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, bütün bunlar sonuncu Sankt-Peterburq görüşünün gərgin keçməsinin və nəticənin əldə olunmamasının göstəricisi sayıla bilər: „Məlum olduğu kimi, Ermənistan-Rusiya münasibətləri kifayət qədər gərgindir. Gözləntilərə rəğmən, Sankt-Peterburq görüşündə Vladimir Putinlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilmədi. Halbuki, tərəflər arasında bir sıra fikir ayrılıqları var idi və bu səbəbdən tərəflər sözügedən məsələləri müzakirə etməli idilər. Ancaq gözləntilərə rəğmən, bu baş vermədi. Görünən odur ki, Paşinyan hakimiyyəti Rusiyanın qurduğu KTMT-dən uzaqlaşmaqda qərarlıdır. Çünki Paşinyan Sorosun layihəsi idi və Qərbin yardımı ilə hakimiyyətə gəlmişdi. Aydın məsələdir ki, küçə dalğasında hakimiyyətə gələn qüvvələr Rusiyaya bağlı ola bilməzdi. Paşinyan davamlı olaraq KTMT-ni sabotaj edirsə, təşkilatın tədbirlərinə qatılmırsa, hərbi təşkilatı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edirsə, deməli hansısa məqsədi var. Deməli, bununla bağlı Qərbdən hansısa vədlər alıb. Yoxsa forpost, marionet Ermənistanın belə mövqe ortaya qoyması, NATO-ya yönəlik reveranslar etməsi mümkünsüzdür. Düzdür, hələ ki, Ermənistan Rusiyanın çətiri altındakı KTMT-dən çıxmayıb. Ancaq gələn il İrəvan bu təşkilatlardan çıxamaqla bağlı konkret addımlar ata bilər. Bunun zamanı müəyyən mənada yetişməkdədir. Sadəcə, burada əsas amil Rusiyanın iqtisadi, siyasi, geopolitik vəziyyətidir. Eyni zamanda, Ukraynada apardığı müharibənin nəticələrinin də təsirləri var“.
Vidadi ORDAHALLI