23 ildən sonra Qərbin Serbiyada 2-ci “məxməri inqilab” ssenarisi...
Rəşad Aydın: “Qərb xarici siyasət kursunu dəyişmək üçün Vuçiçə təzyiqlər edir”
Qərb Serbiyada məxməri inqilab ssenarisini 23 il sonra yenə işə salıb. Məlum olduğu kimi, onlar 2000-ci ildə xalqı qaldırıb Miloşeviçin hakimiyyətini devirdi. İndi də Vuçiçin başına həmin oyunu açmaq istəyirlər. Çünki Vuçiç Kosovonu tanımır, Rusiya əleyhinə sanksiyalara qoşulmur.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Amerika Birləşmiş Ştatları və Qərb dairələrinin müxtəlif ölkələrdə müxtəlif adlarla inqilablar həyata keçirdikləri hər kəsə məlumdur: “Buna misal olaraq, 1989-cu ildə Çexoslovakiyada, 2018-ci ildə Ermənistanda həyata keçirilən “məxməri”, 2004-cü ildə Ukraynada reallaşan “narıncı” və ya digər adıyla Maydan hərəkatını, 2003-cü ildə Gürcüstanda baş verən “qızılgül”, 2010-cu ildə Tunisdən bütün ərəb ölkələrinə ixrac edilən “ərəb baharı” inqilablarını göstərmək olar. Məhz Birləşmiş Ştatların və Qərb dairələrinin imzası ilə baş tutan bu inqilablar firavan və demokratik gələcək adı altında həmin region və ölkələri qan gölünə çevirib, müstəqilliklərini itirmək təhlükəsi ilə üz-üzə qoyub. Mövcud Serbiya hakimiyyətinin də müstəqil siyasət həyata keçirməsi, Rusiya əleyhinə sanksiyalara qoşulmaması Qərbin təzyiqli bəyanatlarının əməldə də nümayiş olunmasına gətirib çıxarıb.
Qərb cəbhəsi uzun illər Azərbaycanı da ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyib, ölkəmizdə və yerləşdiyimiz regionda çevriliş planları qurub. Lakin Rəsmi Bakının qətiyyətli və prinsipial mövqeyi, uzaqgörən siyasəti nəticəsində bu məkrli planlar baş tutmayıb. Qərbin rəngli inqilabları postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Serbiya bunun “dadını” bir dəfə görüb. Bu inqilablar dəstəklənən siyasi namizədlərin seçkilərdə məğlubiyyətini qəbul etməməsi, hakimiyyətin dəyişməsi, demokratik və ya pro-Qərb oriyentasiyalı hökumətlərin qurulması kimi məqsədlərə xidmət edirdi.
Yada salaq ki, bu xətti Qərb USAID vasitəsilə bir çox ölkələrdə həyata keçirməyə çalışıb. Qərb ilk növbədə diqtə edir. Əgər diqtəsi qəbul olunmursa, bölgədə öncədən yerləşdirdiyi müxtəlif təşkilatlarını aktiv hala gətirir. Həmin ölkədə qərbyönümlü müxalif nümayəndələri, təşkilatları vasitəsilə iğtişaşlar törədir, loyal hakimiyyətlərin qurulmasına nail olmaq siyasəti aparır. Təbii ki, Qərb üçün ancaq öz çıxarları var. Onlar hər hansı bir dövlətin güclənməsini, müstəqil inkişaf etməsini, xalqların firavan yaşamasını istəmirlər.
Qərb bloku xarici siyasət kursunu dəyişmək üçün A.Vuçiçə təzyiqlər edir. Qarşı tərəf rəsmi Belqradın Rusiya-Qərb qarşıdurmasında onlara qoşulub Moskvanın siyasətinə qarşı çıxış etməsini istəyir. Kosovo məsələsindən Serbiya hakimiyyətinə qarşı istifadə edir, özlərini tolerant kimi göstərməyə çalışırlar. Halbuki, bosniyalı müsəlmanlara qarşı soyqırımı törədənlər arasında NATO və Avropa İttifaqına üzv dövlətlərin hərbçiləri də olub.
Xatırladaq ki, Vuçiç bosniyalı müsəlmanların soyqırımına məruz qaldığı Srebrenitsaya səfər edərək qurbanların xatirəsini yad edib. O, bu cinayətə görə dövləti adından bosniyalı müsəlmanlardan üzr istəyib. Yeri gəlmişkən, ABŞ-ın keçmiş prezidenti Bill Klinton da bosniyalı müsəlmanlardan üzr istəmişdi.
Seçkilərdən sonra baş verənlər sübut edir ki, Qərb institutları Serbiyada “rəngli inqilab” ssenarisini həyata keçirməyə çalışır. Bunu xarici qüvvələrin ölkədəki siyasi-ictimai proseslərə, seçkilərin nəticələrinə müdaxiləsi olaraq da dəyərləndirmək olar”.
Məhəmmədəli QƏRİBLİ