Son 3 ildə erməni minalarından ölənlərin çoxu sivillərdir...
Azər Həsrət: “Təəssüf ki, mina qurbanlarının sayı artmaqda davam edəcək”
Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində paylaşımda qeyd edib.
Paylaşımda mina qurbanlarının statistikasını əks etdirən infoqrafika da verilib. İnfoqrafikada qeyd olunub ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub. Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.
2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 112 mülki şəxs və 164 hərbçi yaralanıb.
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, mina qurbanlarının əksəriyyəti mülki şəxslərdir.
“Ermənilərin bilərək yerləşdirdiyi minalar, təəssüf ki, günü bu gün də can almağa davam edir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mina qurbanlarının sayı artmaqda davam edəcək: “Ermənistan Azərbaycan torpaqlarını sadəcə işğal etməklə, talamaqla kifayətlənməyib, əlavə olaraq bu ərazilərə mina tələləri ilə yerləşdirib. Ermənilər özlərindən sonra bu cür miras qoyublar. Işğal etdikləri torpaqların qədim Ermənistan olduğunu iddia etdikləri halda həmin yerlərə bu cür amasızcasına yanaşıb, darmadağın ediblər. Ermənilərin bilərək yerləşdirdiyi minalar, təəssüf ki, günü bu gün də can almağa davam edir. Azərbaycan torpaqlarımız işğal edildiyi dövrdə də, azad edildikdən sonra da bu məsələni dünya səviyyəsində ictimailəşdirir. Müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb etməyə çalışırıq. Ancaq təəssüflər olsun ki, bir sıra dövlətlər və mərkəzlər Azərbaycanın üzərinə gəlməyə üstünlük verir. Belə bir şəraitdə mina qurbanlarının sayının artmaması mümkün deyil”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycana qarşı çıxan ölkələr Ermənistanın necə bir ölkə olduğunu öz gözləri ilə görməlidir. Onlar Ermənistanın Azərbaycan torpaqlarını necə zəhərlədiyini, mina ilə “bəzədiyini” öz gözləri ilə görməlidirlər.
Günel CƏLİLOVA