Qubada avtomobil yolunun əsaslı təmirinə 1,2 milyon manat ayrıldı
Prezident İlham Əliyev Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Amsar‒ Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.