10 min dollardan artıq valyuta ala bilməyəcəksiniz...
Əkrəm Həsənov: “Bu qərarla valyutadəyişmə məntəqələrinə tələblər daha da sərtləşdirilir”
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.
Maraqlıdır, valyuta mübadiləsi zamanı məhdudiyyətlərin qoyulması nə ilə bağlıdır?
“Banklardan 500 dollar alan vətəndaşlardan sənəd tələb olunacaq, sənəd olmasa onlar da göstərilən limitdən yuxarı məbləği ala biləməyəcəklər”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu qərarla valyutadəyişmə məntəqələrinə tələblər daha da sərtləşdirilir: "Azərbaycanda valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur, çünki banklar var. Bankların çox sayda filialları da var. Valyuta mübadiləsi etmək istəyən şəxs banklara üz tuta bilər. Həmçinin, dünyanın digər aparıcı ölkələrində də valyuta mübadiləsi məntəqələri yoxdur. Onu da vurğulamaq vacibdir ki, son zamanlar nağdsız ödənişlərin həcmi artıb. Bu baxımdan, onsuz da ciddi bir təlabat yoxdur. Danılmaz faktdır ki, valyuta mübadiləsini əsasən banklar həyata keçirir. Əgər banklar da valyuta mübadiləsini dayandırsalar, o zaman “qara bazar”a tələbat yaranar”.
Ekspert onu da əlavə etdi ki, göstərilən limitdən yuxarı dollar alan vətəndaşlardan şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq: “Ola bilər ki, Mərkəzi Bank yeni qaydalarla bağlı qərarı təsdiq edib. Bu məsələ də həmin qərarda əksini tapıb. Banklardan 500 dollar alan vətəndaşlardan sənəd tələb olunacaq. Sənəd olmasa onlar da göstərilən limitdən yuxarı məbləği ala biləməyəcəklər”.
Günel CƏLİLOVA