İranda APA-nın saytına giriş məhdudlaşdırılıb
İran İslam Respublikası ərazisində Azəri-Press Agentliyinin (APA) web səhifəsinə giriş məhdudlaşdırılıb. Maraqlıdır ki, İran dövlət qurumları tərəfindən bu addım APA-nın fars dili redaksiyası yaranandan sonra atılıb. “APA Media Qrup” İran dövlət orqanlarının bu addımından təəssüflənir və bunun izahedilməz olduğunu vurğulayır.
“APA Media Qrup” xüsusilə qeyd edir ki, şirkət hər zaman tərəfsizlik, qərəzsizlik prinsiplərinə sadiq qalıb, İranın çoxsaylı media orqanlarından fərqli olaraq iki ölkə arasında münasibətlərə həssas yanaşıb.APA İran Xarici İşlər Nazirliyində akkreditasiya olunmuş azsaylı Azərbaycan media orqanlarından biridir. “APA Media Qrup” şirkətinə daxil olan APA Agentliyinin saytına girişin məhdudlaşdırılmasına etirazını ifadə edir. Şirkət bununla bağlı İranın Azərbaycandakı səfirliyinə və İran İslam Respublikasının İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə müraciət edəcək.