BMU tələbəsi “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” İdarə Heyətinin Fəxri üzvü seçilib
Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” (AQDİM) İdarə Heyətinin Fəxri üzvü seçilib. BMU-nun Memarlıq və inşaat fakültəsinin sənaye mühəndisliyi ixtisasında (bakalavr) təhsil alan Nəzrin Babayeva bu üzvlüyə donorluq mədəniyyətinin inkişafı sahəsində keçirilən tədbirlərdə, həmçinin qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərinə görə layiq görülüb.
Fəxri üzvlüyün təqdimetmə mərasimində universitetin rektoru Yaqub Piriyev tələbəni, onun ailə üzvlərini səmimi qəlbdən təbrik edib. Rektor Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı haqda danışıb və bu mühüm sənədlər çərçivəsində atılan addımların, qanvermə aksiyaları, təbliğat xarakterli tədbirlərin önəmini vurğulayıb.
Yaqub Piriyev BMU tələbələrinin sosial əhəmiyyət kəsb edən tədbir və layihələrdə yaxından, fəal iştirakına diqqət çəkib, eyni zamanda, onların məqsədyönlü, ictimai faydalı, könüllü fəaliyyətinin hər zaman ali təhsil müəssisəsi tərəfindən dəstəkləndiyini ifadə edib. IV kurs tələbəsi olan Nəzrin Babayevanın gələcək planları, magistratura təhsili ilə yaxından maraqlanan rektor ona müvafiq tövsiyələrini verib və qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərə, nəcib fəaliyyətinə görə universitet adından təşəkkürünü çatdırıb.
ADQİM-nin İdarə Heyətinin sədri Fuad Rəsul BMU tələbəsini Mərkəzin fəxri üzvləri sırasına qoşulması münasibətilə təbrik edib. O, BMU tələbəsinin Mərkəzin ən sevimli, gülərüz, nümunəvi, aktiv üzvü olduğunu önə çəkib və belə bir gəncin formalaşmasındakı roluna görə onun valideynlərinə, universitetin heyətinə dərin təşəkkürünü bildirib.
AQDİM-in İdarə Heyətinin Fəxri üzvü seçilən BMU tələbəsi bu adın onun üçün böyük qürur olduğunu vurğulayıb, ona göstərilən diqqətə görə universitetin rektoruna və Mərkəz rəhbərliyinə minnətdarlığını ifadə edib.
Sonra tədbirdə AQDİM-nin fəaliyyət və məqsədləri haqda məlumat verilib, BMU-da qanvermə aksiyalarının təşkili və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.