Qondarma “Arsax” buraxılmasa, Qərbi Azərbaycan Mühacir Hökuməti elan olunacaq...
Məhərrəm Zülfüqarlı: “Qərbi azərbaycanlıların sayı Qarabağ ermənilərindən qat-qat çoxdur”
Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”.
O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb.
Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra – oktyabrın 19-da separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür.
Qeyd edək ki, Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi. Ancaq belə görünür ki, separatçılar geri addım atır. Bütün bunların fonunda, yanvarın 1-də qondarma qurumun özünü buraxma qərarı icra edilməsə, Azərbaycan nə etməlidir və biz bu zaman Qərbi Azərbaycanlıların Mühacir Hökumətini yarada bilərikmi?
“Ermənistan hakimiyyəti separatçı qurumun özünü buraxmasını icra etməsə, onları himayə etsə...”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı prinsipcə bunu istisna etmədi: “19 sentyabrda keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra həm separatçı qurumun fəaliyyətinə birdəfəlik son qoyuldu, həm də etnik ermənilər könüllü şəkildə oranı tərk etdilər. Daha sonra separatçı qurum özünü buraxdığını elan etdi. İndi isə separatçı tör-töküntülər adda-budda bunun əksini deyirlər. Guya özlərini buraxmaqdan imtina edirlər, “fəaliyyətlərini” davam etdirəcəklər və s. Görünən odur ki, erməni separatçıları xarici qüvvələr yenidən oyuna salmaq istəyir. Azərbaycan-Rusiya münasibətlərinin normal inkişaf etdiyi bir dövrdə Moskvada separatçı rejimin “bayraqları” ilə tədbirin keçirilməsi, rus ekspertlərin orada iştirakı qəbuledilməzdir. Bu kimi məqamlar təəssüf doğurur. Buradan belə nəticə çıxır ki, qondarma rejimin yenidən ortaya atılmasında Ermənistandan kənar qüvvələrin, xüsusən də Rusiyanın marağı artıq görsənir. Putinin məqsədi Paşinyan hakimiyyətini devirmək və Moskvaya yaxın olan siyasi qüvvələri iqtidara gətirməkdir. O baxımdan Qarabağ separatçılarından bir alət kimi istifadə olunur. Ancaq bu real görünmür. Çünki Ermənistanda Rusiyanın sosial dayaqları əhəmiyyətli dərəcədə zəifləyib. Belə olmasaydı, müharibədən sonra 2021-ci ilin iyununda keçirilən seçkidə Paşinyan böyük üstünlüklə qalib gəlməzdi. Ondan sonrakı dövrdə də vəziyyət Rusiyapərəstlərin xeyrinə dəyişməyib. Azərbaycan haqlı olaraq bəyan edib ki, Qarabağ erməniləri geri qayıdırsa, o zaman Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmasına şərait yaradılmalıdır. Əgər Ermənistan hakimiyyəti separatçı qurumun özünü buraxmasını icra etməsə, onları himayə etsə, o zaman dərhal Qərbi Azərbaycanlıların Mühacir Hökuməti elan olunmalıdır. Fikrimcə, bu labüddür. Qərbi azərbaycanlıların sayı Qarabağ ermənilərindən qat-qat çoxdur. Ermənistan ərazisi bütövlükdə tarixi Azərbaycan ərazisidir”.
Vidadi ORDAHALLI