İlham Əliyevin ad günü təbriklərində misilsiz faktlar...
Abutalıb Səmədov: “Bu təbriklər də göstərir ki, onlar çox şeyi dərk etməyə başlayıblar”
Sosial şəbəkələrdə dünyanın müxtəlif ölkələrində yaşayan erməni əslilli vətəndaşların İlham Əliyevin ad gününü təbrik etdiklərinə dair videolar yayılıb.
Təbrik edənlər arasında Türkiyədə yaşayan İşxan Verdyan, İsraildə yaşayan İzabel Şumanyan, Gürcüstanda yaşayan Gurgen Saratikyan və digər blogerlər var. Əvvəl belə hallar olmurdu. Ermənilərin bu addımından hansı nəticələr doğur?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmələri təbii qarşılanmalıdır: “İlham Əliyev bölgəni, həm də Ermənistanı böyük bir problemdən xilas etdi. Keçmiş Sovetlər İttifaqı məkanında separatizm bəlası Qarabağdan başlamışdı. Erməni separatizmi çoxlu dövlətlərdə, ilk növbədə də MDB məkanında olan dövlətlərdə insanlara faciələr gətirdi. Qarabağ ermənilərinin başladığı hərəkat Ermənistanın özünə ciddi problemlər yaratdı. Minlərlə erməninin ölümünə, öz doğma yerlərini tərk etməsinə səbəb oldu. Azərbaycanda yüz minlərlə erməni çox rahat şəraitdə yaşayırdı, yüksək vəzifələrdə çalışırdı, ailəsini, uşaqlarını yüksək səviyyədə təmin edirdi. Onlar bütün bunların hamısını itirdilər. Ermənistan dövləti uzun illər Qarabağa maliyyə yardımı ayırmaq məcburiyyətində qaldı. Son illər artıq 400 milyon dollara yaxınlaşmışdı bu yardımların miqdarı. Bu da Ermənistan üçün ağır yük idi. Erməni gəncləri daim ölüm təhlükəsi altında yaşayırdılar və son müharibədə minlərlə erməni gənci həlak oldu. Erməni separatizmi bölgənin iqtisadi inkişafına ciddi şəkildə maneə törədirdi. Bütün bunların hamısını Azərbaycan Prezidenti İlham Əliyev aradan qaldırdı. Artıq Qarabağ problemi yoxdur. Artıq Ermənistan dövlətinin milyonlarla dollar ayırmasına, Qarabağ yükünü çəkməsinə də ehtiyac yoxdur. Ermənistanın gələcəyini düşünmək, bölgədə əməkdaşlıq imkanı yaranıb. Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmağa mane olacaq heç nə yoxdur. Ona görə də, hamı Prezident İlham Əliyevə minnətdar olmalıdır. Bunun hansı nəticələri ola bilər? Düşmənçilik tədricən götürülə bilər, addım - addım münasibətlərin yaxınlaşmasına nail olmaq olar, gələcəkdə turist səfərlərini qorxmadan reallaşdıra bilərik. Sülh mühitinə keçməyə hazırıq. Bölgəni sülh, əməkdaşlıq, dostluq bölgəsinə çevirmək tam olaraq reallaşıb. Bölgəmiz müharibə, ölüm təhlükəsindən qurtarıb artıq. Bundan sonra necə olacağı ermənilərin davranışından asılıdır. Bu təbriklər də göstərir ki, onlar çox şeyi dərk etməyə başlayıblar. Bizə də lazımdır ki, daha çox erməni bu reallıqları dərk etsin və birmənalı anlasın ki, İlham Əliyev onları bu çətin durumlardan xilas edib. Təbii ki, çox istəyərdik, özünə azərbaycanlı deyən hər bir kəs Prezident İlham Əliyevin yüksək xidmətlərini qiymətləndirə bilsin. Bu cür təbriklər bölgəmizin daha da inkişafını artırmaq üçün səylər yaradır. Bu münasibət bizi yalnız sevindirə bilər”.
Qeyd edək ki, İlham Əliyevə ünvanlanan təbriklərin əhatə dairəsi çox genişdir. Onu təbrik edənlərin sırasında dünyanın ən qüdrətli ölkələrinin başçıları da var və bu çox qürurvericidir.
Məhəmmədəli QƏRİBLİ