Beş igidin yeni evi...
Masallı rayonunun Banbaşı kəndində yaşayan, beş uşaq anası olan Fərqanə Rəhimova Birinci Qarabağ müharibəsinin şəhidi Sərhəddin Rəhimovun bacısıdır.
Fərqanə öz qəhrəman qardaşı ilə qürur duyur, uşaqlarını da onun kimi vətənpərvər, zirək, saf və məğrur böyüdür. Ananın ev şəraiti pis gündə idi. Doğma kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü, “Viləş" Uşaq Bağçasının direktoru Şəfa Allahverdiyevanın təşkilatçılığı, sahibkarların, xaricdə yaşayan xeyirxah azərbaycanlıların və yerli xeyriyyəçilərin maddi dəstəyi hesabına ona fərdi yaşayış evi tikilib.
Evə köçmə münasibətilə tədbir oldu. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun, Milli Məclisin deputatları Məşhur Məmmədovun, Anar İsgəndərovun, şəhid ailələrinin və digər insanların iştirak etdiyi mərasimi açan “Viləş" Uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva bildirdi ki, I Qarabağ şəhidi Sərhəddinin bacısı, 5 uşaq anası Fərqanə Rəhimova üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günü ərəfəsində “Sabahın 5 əsgərinə ev olaq" devizi altında həyata keçirilən layihəyə əsasən tikilən evin ümumi sahəsi 80 kvadratmetr olmaqla, 3 otaq, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarətdir. Mənzil tam təmirlidir, eləcə bütün kommunal xidmətləri, mebel dəsti və digər məişət əşyaları ilə təmin olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov öz çıxışında ilk öncə çox uşaqlı ailənin başçısı Fərqanə xanımı təbrik etdi, yeni evində xoşbəxt həyat yaşamağı, ona 5 övladının uğurunu görməyi arzuladı. Eyni zamanda rayon rəhbəri bu xeyirxah təşəbbüsə təşkilatçılıq edən, mümkün dəstəyi verən hər kəsə minnətdarlığını söylədi.
Ailə başçısı, uşaqlar mənzilə görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, təşəbbüskar olan rayon rəhbərinə, təşkilatçı və dəstək olanların hər birinə səmimi razılığını ifadə etdilər.
Sonda evin açılışını bildirən rəmzi lent kəsildi və çay süfrəsi arxasında qonaqlar ailənin sevincinə şərik oldular.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü