“Ermənistan-Rusiya müttəfiqliyini istəməyənlər buna sevinəcək” - rus səfirin canına isti keçdi...
Ceyhun Məmmədov: “Bütün bunlar Moskva tərəfindən ciddi formada izlənilir”
“Sputnik Armenia”nın bağlanmasına görə iki ölkə arasında gərginlik müşahidə olunur. Belə ki, Rusiyanın Ermənistandakı səfirliyindən Ermənistan Televiziya və Radio Komissiyasının “Sputnik Armenia” radiosunun yayımını dayandırmaq qərarına münasibətdə bu elementlər açıq şəkildə özünü göstərir:
“Təəssüf edirik ki, respublika tənzimləyicisinin hökmü erməni dinləyicinin öz seçdiyi mənbədən məlumat almaq qeyd-şərtsiz hüququna təsir edəcək. Bu addım getdikcə daha çox Rusiya ilə Ermənistan arasında ənənəvi, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan müttəfiqlik münasibətlərinin pozulmasının tərəfdarı olanlara güzəşt kimi görünməyə bilməz”.
Bütün bunlar Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi nöqteyi-nəzərindən nə vəd edir?
“Görünən odur ki, Paşinyan hakimiyyəti ölkə ərazisində Rusiyanın təbliğat vasitələrini məhdudlaşdırmağa çalışır”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Ceyhun Məmmədov prinsipcə bunu istisna etmədi: “Əlbəttə ki, bu, hazırda iki ölkə arasında ciddi gərginlik yaradan məsələdir. Məsələ ondadır ki, Ermənistanda Rusiyaya qarşı təxribatlar artan xətt üzrə gedir. Bütün bunlar Moskva tərəfindən ciddi formada izlənilir. O mənada bu kimi addımlar regionumuza da yaxşı heç nə vəd etmir. Baxmayaraq ki, Rusiya rəsmiləri ilə Ermənistan rəsmiləri arasında danışıqlar gedir, amma münasibətlərdə soyuqluq var. Görünən odur ki, Paşinyan hakimiyyəti ölkə ərazisində Rusiyanın təbliğat vasitələrini məhdudlaşdırmağa çalışır. Hesab edirəm ki, Rusiya tərəfi bu məsələ ilə bağlı öz sərt mövqeyini mütləq ortaya qoyacaq. Çünki Ermənistan artıq bütün çərçivələri aşaraq Rusiya ilə münasibətlərin pozulması istiqamətini götürüb. O anlamda düşünürəm ki, bu, çox ciddi bir məsələdir. Söhbət təkcə “Sputnik Armenia”nın bağlanmasından getmir. Ümumilikdə, Ermənistan-Rusiya münasibətlərində gərginlik genişlənir. Fikrimcə, Rusiya məsələni belə qoymayacaq və çalışacaq ki, buna paralel olaraq Ermənistana qarşı müəyyən addımlar atsın. Nəzərə almaq lazımdır ki, Rusiya regionun güclü dövlətidir. Rusiyanın Cənubi Qafqaza təsir imkanları çoxdur. Ona görə də Azərbaycan bu münasibətlərin qorunması, saxlanılması üçün hər zaman real addımlar atır və gələcəkdə də atacaq. Çünki bu gün Ermənistandan fərqli olaraq, Azərbaycan balanslaşdırılmış bir siyasət həyata keçirir. Fikrimcə, ən doğrusu da budur. Çünki düşünülməmiş, ölçülüb-biçilməmiş yanlış qərarlar nə Ermənistana, nə də bölgəmizə yaxşı heç nə vəd etmir. Belə addımlar gələcəkdə bölgəmiz üçün problemlər yarada bilər. Hər halda, proseslərin hansı istiqamətdə gedəcəyini zaman göstərəcək. Bizim üçün önəmli olan bölgədə proseslərin normal məcrada getməsi və inkişafıdır. Ən başlıcası gərginliyin ortadan qaldırılmasıdır”.
Vidadi ORDAHALLI