BMU-nun rektoru universitetin fəal tələbələri ilə görüşüb - FOTO
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev çay süfrəsi arxasında ali təhsil ocağının fəal tələbələri ilə görüşüb.
Rektor tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək etimad və qayğını vurğulayan Yaqub Piriyev dövlət tərəfindən yeni nəslin Vətənə bağlı, dövlətçiliyə sadiq, milli ruhda yetişdirilməsi üçün görülən işləri nəzərə çatdırıb. Rektor müasir gəncliyin hərtərəfli inkişafı, o cümlədən onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakı məqsədilə yaradılan geniş imkanlardan söz açıb.
Gələn il fevralın 7-də keçiriləcək Prezident seçkilərinin ciddi siyasi hadisə kimi tarixə düşəcəyini, suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçki məntəqələrinin fəaliyyət göstərəcəyini bildirən Yaqub Piriyev hər bir azərbaycanlının bizi tarixi Qələbəyə qovuşduran ölkə rəhbərinin yanında olacağının şübhə doğurmadığını bildirib. Eyni zamanda, tələbələrə seçkilərdə, ölkənin taleyüklü digər məsələlərində aktiv olmağı tövsiyə edib.
Söhbət zamanı BMU tələbələrinin müxtəlif layihə və tədbirlərin icrasında fəallığını, təşəbbüskarlığını yüksək qiymətləndirən Yaqub Piriyev istedadlı və yaradıcı tələbələrin aşkar edilməsi, intellektual potensiallarının inkişaf etdirilməsi ilə yanaşı, onları narahat edən bütün məsələlərin hər zaman diqqətdə saxlanıldığını vurğulaylb.
Səmimi atmosferdə keçən görüşdə rektor gənclərin təkliflərini dinləyib, suallarını cavablandırıb və onlar tərəfindən irəli sürülən təşəbbüslərin, ideyaların bundan sonra da universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini bildirib.
Çıxış edən tələbələr gənclərin ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Gənclər belə görüşlərin onları daha da ruhlandırdığını, gələcək fəaliyyətlərində stimul və motivasiyaedici rol oynadığını qeyd edərək, universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.