Azərbaycanda orqan köçürmələrinə ehtiyac artır - xəstəxana isə çatışmır…
Adil Qeybulla: “Orqan nəqli üçün ilk növbədə donor bank yaradılmalıdır”
“Orqan transplantasiyası üçün müəssisələrin sayı artmalıdır”. Bunu TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, orqan transplantasiyası üçün kadr potensialı kifayət qədərdir: “Müəssisələrimizin səviyyəsi yüksəkdir. Onların sayı artmalıdır. Bu əməliyyatlara ehtiyacı olan xəstələrin sayı çoxdur, növbələr var. Bəzən insanlar növbə gözləyə-gözləyə vəfat edirlər. Müəssisələrin sayı da artmalıdır ki, insanlar növbə gözləyə-gözləyə vəfat etməsinlər".
Maraqlıdır, qeyd edilən problem necə həll olunmalıdır?
“Televizayalar və digər media orqanları bu istiqamətdə təbliğat aparmalı və insanları bu prosesə hazırlamalıdır, bu kimi problemlər həll olunandan sonra orqan nəqli ilə məşğul olan mərkəzlərin sayı arta bilər”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, orqan nəqli üçün ilk növbədə donor bank yaradılmalıdır: “Donor bank yaradılmadan orqan nəqli sistemli şəkildə icra edilə bilməz. Donor bankı yaradılmazdan öncə insanlar buna psixoloji baxımdan hazır olmalıdır. Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər. Biz bunu bir növ qəbul etməliyik. Yalnız qəbul etdikdən sonra buna hazır ola bilərik. Təbliğat aparmaq, cəmiyyəti buna hazırlamaq lazımdır. Digər tərəfdən də sistem odur ki, tutaq ki, Azərbaycanın bir rayonunda bir orqana ehtiyac varsa, başqa bir rayonda da donordan daxili orqan götürülübsə, dərhal növbədə olan adama köçürülür. Dünyanın hər yerində bu cür sistem var”.
Ekspert hesab edir ki, bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır: “Məlum mövzu ilə bağlı məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək. Televizayalar və digər media orqanları bu istiqamətdə təbliğat aparmalı və insanları bu prosesə hazırlamalıdır. Bu kimi problemlər həll olunandan sonra orqan nəqli ilə məşğul olan mərkəzlərin sayı arta bilər”.
Günel CƏLİLOVA